Şəhid mayor Xəyal Məmmədovun ömür və döyüş yolundan bəhs edən kitabın təqdimatı olub


Şəki, 19 noyabr, AZƏRTAC
Şəhid mayor Xəyal Məmmədovun şərəfli ömür və döyüş yolundan bəhs edən “Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Dövlət Dram Teatrında keçirilən təqdimat mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid valideynləri, müharibə iştirakçıları, hərbiçilər, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, şəhid Xəyal Məmmədovun şərəfli döyüş yolundan danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, yazıçı-publisist, “Vətən fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızının müəllifi olduğu “Vətənin Xəyalı” kitabı şəhidin anadan olmasının 40 illiyi münasibətilə nəşr edilib.
Bildirilib ki, bu kitab şəhidimizin xatirəsinin yaşadılması baxımından əhəmiyyətli nəşrdir. Bu cür əsərlər Azərbaycanın Zəfər tarixinin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir.
Tədbirdə şəhidin ailə üzvləri çıxış edərək “Vətənin Xəyalı” kitabının ərsəyə gəlməsində zəhmət olan bütün şəxslərə təşəkkür ediblər.
Sonra tədbir bədii hissə ilə davam edib.
Müxbir - Rasim İslamoğlu
Dərc vaxtına görə
