Saatlıq əməkhaqqı sistemi: Hansı yeniliklər olacaq?


19 noyabr 2026 23:58
33
Əmək bazarında fərqli məşğulluq formalarının genişlənməsi əmək münasibətlərinin tənzimlənməsinə də yeni yanaşma tələb edir. Xüsusilə qısamüddətli və natamam iş vaxtı ilə çalışan şəxslərin əməyinin düzgün qiymətləndirilməsi, əməkhaqlarının rəsmi uçotunun aparılması və sosial təminat hüquqlarının qorunması bu sahədə mühüm məsələlərdəndir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz bu istiqamətləri əhatə edir.
Milli Məclisdə ilk oxunuşda qəbul edilən qanun layihəsində saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı və digər ödənişlərin elektron qaydada həyata keçirilməsi, eləcə də əmək məzuniyyətinin minimum müddətinin qorunması ilə bağlı yeniliklər nəzərdə tutulur.
Saatlıq əməkhaqqı ilə işləyənlər üçün yeni təminatlar
Dəyişikliklərin diqqətçəkən istiqamətlərindən biri saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Təklifə əsasən, bu sistem müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi iqtisadi fəaliyyət növləri üzrə çalışan müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində tətbiq ediləcək. Bunun üçün əmək müqaviləsi bir aydan az müddətə bağlanmalı və ya həftəlik iş vaxtı 20 saatdan çox olmamalıdır.
Bu mexanizm tam iş günü çalışmayan və qısamüddətli müqavilə əsasında işləyən şəxslərin əməyinin ödənilməsində daha konkret qaydalar müəyyənləşdirir. Belə hallarda əməkhaqqı faktiki işlənmiş vaxta uyğun hesablanacaq. Nəticədə həm işçinin alacağı məbləğ, həm də işəgötürənin ödəniş öhdəliyi daha aydın müəyyən olunacaq.
Layihədə minimum saatlıq əməkhaqqı ilə bağlı təminatlar da yer alıb. Saatlıq əməkhaqqı alan şəxsin hər iş saatına görə ödənişi müəyyən edilən minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. İşçinin gündəlik iş vaxtı bir saatdan az olduqda belə, ona minimum saatlıq əməkhaqqı ödənilməlidir. Növbəti iş saatı bir saatdan az davam etdikdə isə həmin müddət də bir saat kimi hesablanacaq.
Natamam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan şəxslərin ödənişi isə işlədikləri vaxta mütənasib hesablanacaq. Bu zaman əməkhaqqı minimum aylıq əməkhaqqı əsasında müəyyən edilən məbləğdən aşağı ola bilməz. Büdcədən maliyyələşən müəssisələrdə saatlıq əməkhaqqının tətbiqinə isə yalnız mövcud əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda yol veriləcək.
Əməkhaqlarının elektron ödənişi şəffaflığı artıracaq
Qanun layihəsində nəzərdə tutulan digər mühüm yenilik əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsilə işçinin seçdiyi bank hesabına köçürülməsidir. Bu addım əmək münasibətlərində maliyyə əməliyyatlarının rəsmiləşdirilməsinə, ödənişlərin izlənilməsinə və qeyri-formal məşğulluğun qarşısının alınmasına xidmət edir.
Bank hesabı vasitəsilə aparılan ödənişlər işçinin faktiki gəlirlərinin qeydə alınmasını asanlaşdıracaq. Bu, əməkhaqqının bir hissəsinin rəsmi, digər hissəsinin isə qeyri-rəsmi ödənilməsi hallarının aşkarlanmasına da imkan verəcək. Eyni zamanda, işəgötürənlərin əməkhaqqı üzrə öhdəliklərinin icrasına nəzarət daha operativ həyata keçirilə biləcək.
Elektronlaşma işəgötürənlərin inzibati yükünün azaldılmasını da nəzərdə tutur. Əməyin ödənişi ilə bağlı uçot və hesablama proseslərinin təkmilləşdirilməsi, gəlir vergisi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə rüblük bəyannamələrin aylıq məlumatlarla əvəzlənməsi planlaşdırılır. Bununla hesabatlılıq prosesi sadələşəcək, dövlət nəzarətində elektron mexanizmlərin imkanları genişlənəcək.
Rəsmi gəlir pensiya təminatında da əhəmiyyət daşıyır
Əməkhaqlarının elektron sistem üzərindən ödənilməsi sosial sığorta və pensiya təminatı baxımından da mühüm nəticələr vəd edir. Layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqlarının işçilərin fərdi şəxsi hesablarına avtomatik daxil edilməsi nəzərdə tutulur.
Bundan başqa, ezamiyyə, məzuniyyət və əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı orta əməkhaqqının avtomatik hesablanması, vətəndaşların öz gəlir tarixçələrinə çıxış imkanının genişləndirilməsi də planlaşdırılır.
Bu mexanizm işçinin əmək fəaliyyəti və gəlirləri barədə məlumatların daha dəqiq qeydə alınmasına şərait yaradacaq. Rəsmi əməkhaqqı və sosial sığorta ödənişlərinin düzgün uçotu isə gələcək pensiya təminatının formalaşmasında mühüm rol oynayır. Beləliklə, elektron sistem yalnız cari ödənişlərin idarə edilməsini deyil, işçinin uzunmüddətli sosial təminatını da əhatə edir.
21 günlük məzuniyyətin pulla əvəzlənməsinə məhdudiyyət qoyulur
Dəyişikliklərin digər istiqaməti əmək məzuniyyəti hüququnun qorunması ilə bağlıdır. Təklifə əsasən, əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi halı isə istisna təşkil edir.
Əmək Məcəlləsinə görə, işçilər üçün minimum əmək məzuniyyəti müddəti 21 təqvim günüdür. Yeni qayda bu müddətin pul ödənişi ilə əvəzlənməsinin qarşısını almağa yönəlib. Çünki məzuniyyət işçinin istirahət etməsi, sağlamlığını qoruması və əmək qabiliyyətini bərpa etməsi üçün vacib hüquqdur.
Layihədə məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı müddəaların da dəqiqləşdirilməsi nəzərdə tutulur. Bununla məzuniyyətin hansı hallarda və hansı qaydada təxirə salına biləcəyi daha aydın hüquqi çərçivəyə salınacaq.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək münasibətlərinin bir neçə vacib tərəfini əhatə edir. Saatlıq əməkhaqqı qısamüddətli və natamam məşğulluq formalarının tənzimlənməsini təkmilləşdirir, elektron ödəniş sistemi əməkhaqlarının rəsmi uçotunu və dövlət nəzarətini gücləndirir, məzuniyyətlə bağlı yeniliklər isə işçilərin istirahət hüququnu qoruyur.
Bu dəyişikliklərin əsas əhəmiyyəti əmək bazarında çevik məşğulluq imkanlarını genişləndirməklə yanaşı, əməkhaqlarının şəffaflığını təmin etmək və sosial təminat mexanizmlərini gücləndirməkdir. Yeni qaydalar qüvvəyə mindikdən sonra onların tətbiqi həm işçilərin hüquqlarının qorunmasına, həm də işəgötürənlərin əmək münasibətlərini daha sistemli təşkil etməsinə təsir göstərəcək.
Nigar Orucova, “İki sahil”
Bölmədən digər xəbərlər
