Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ


Avstraliyanın Sidney Universitetinin alimləri tərəfindən hazırlanan eksperimental burun damcıları 18 aylıq siçanların öyrənmə və yaddaş testlərinin nəticələrini yaxşılaşdırıb. Preparat tətbiq edildikdən sonra heyvanların beynində yeni neyronların yaranması ilə əlaqəli hüceyrələrin sayında da artım müşahidə olunub.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Advanced Science” elmi jurnalında dərc edilib.
Preparatın əsasını BDNF zülalının istehsalı üçün təlimat daşıyan matriks RNT-si təşkil edir. Bu zülal sinir hüceyrələrinin sağ qalmasına və aralarındakı əlaqələrin qorunmasına kömək edir. O, həmçinin öyrənmə və yaddaşın formalaşması proseslərində iştirak edir.
Tədqiqatçılar burun damcılarından istifadə etməklə burun selikli qişasının hüceyrələrində BDNF zülalının müvəqqəti istehsalını işə salıblar. Bununla onlar preparatı birbaşa beyinə yeritmədən burun toxumaları vasitəsilə beyinə təsir göstərməyin mümkünlüyünü araşdırıblar.
Preparat verilən yaşlı siçanlar yaddaş tapşırıqlarını nəzarət qrupundakı heyvanlarla müqayisədə daha yaxşı yerinə yetiriblər. Bəzi göstəricilər üzrə onların nəticələri gənc siçanların göstəriciləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb.
Bundan başqa, yetişməmiş neyronların göstəricisi hesab edilən dublekortin zülalını istehsal edən hüceyrələrin sayı nəzarət qrupu ilə müqayisədə 2,4 dəfə çox olub.
Alimlər bu üsulu Alzheimer xəstəliyinin siçan modelində də sınaqdan keçiriblər. Burun damcıları verilən heyvanlarda yaddaş testlərinin nəticələrinin pisləşməsinin qarşısı alınıb. Onların hipokampında yetişməmiş neyronların markerini daşıyan hüceyrələrin sayı da daha çox olub. Bununla belə, xəstəlik modeli üçün xarakterik olan amiloid lövhələrinin sayı əhəmiyyətli dərəcədə azalmayıb.
Tədqiqat göstərib ki, burun selikli qişasında zülalın müvəqqəti istehsalı heyvanların beyin fəaliyyətinə təsir göstərə bilər. Müəlliflər bu nəticələri preparatın birbaşa beyin toxumasına inyeksiya edilmədən lazımi bioloji siqnalı beyinə çatdıra biləcək vasitələrin hazırlanması üçün başlanğıc nöqtəsi hesab edirlər.
Xədicə BAXIŞLI
1 mənbə