Nikol Paşinyan: Biz münaqişələr səhifəsini bağlayırıq...


Vaxtilə daşnakların yazdıqları konstitusiya gərəksiz, zərərli və hətta təhlükəli olduğu üçün arxivə göndərilir. Bir dəstə terrorçu üçün tərtib edilən işğal sənədi bu ölkəni illər uzunu qonşu dövlətlərlə düşmənçiliyə sürükləyib. İkinci Qarabağ müharibəsində “çanaq” öz başlarında elə çatlayıb ki, daha heç bir erməni Qarabağ tərəfə baxmır. Lakin yenə də bir qrup tərəfindən göstərilən altı illik inadlı müqavimətə baxmayaraq yeni Konstitusiya layihəsi artıq müzakirəyə hazırlanıb. Əlbəttə, məsələnin bu yerə çatdırılması reallıqla barışmalı olan cəmiyyətin xeyrinə olar. Hazırda Ermənistanın qarşısında duran ən vacib problem referenduma (ümumxalq səsverməsi) hazırlığın başa çatdırılmasıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya üzrə keçiriləcək referendumda vətəndaşların böyük əksəriyyətinin onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib. Ermənistan mediasına istinadən xəbər verilir ki, o, bu barədə parlamentdə “hökumət saatı” zamanı danışıb: "Referendumun yekunlarına görə Ermənistan vətəndaşlarının böyük əksəriyyəti gedib yeni Konstitusiyaya səs verəcək, çünki bu Konstitusiyaya səs verməklə onlar özlərinin və gələcək nəsillərinin xeyrinə səs verirlər".
Onun fikrincə, yeni əsas qanun cəmiyyətin mənafeyinə uyğun tərtib edilib və düşmənsiz Ermənistanın formalaşdırılmasına hesablanıb. Baş nazir vurğulayıb ki, yeni Konstitusiya gündəliyi dövlətin gələcəyinə dair baxış və model məsələlərini əhatə edir: "Yeni Konstitusiyanın konsepsiyası və ideologiyası "real Ermənistan" ideologiyasına əsaslanmağı təklif edir. Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində bir dövlət kimi təsbit etmək və münaqişələr səhifəsini bağlamaq, dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə ötürmək. Söhbət bundan gedir".
Baş nazir vurğulayıb ki, təklif olunan yanaşmanın məqsədi sülhü və xalqın hakimiyyətini dönməz etməkdir: "Yeni Konstitusiyanın bir mesajı var: Biz bütün istiqamətlər üzrə münaqişələr səhifəsini bağlayırıq və sülhü daimi edirik. Məntiq belədir. Xalqın hakimiyyətini möhkəmləndiririk". Paşinyan bildirib ki, Ermənistanın qüvvədə olan Konstitusiyası münaqişəyə xidmət etmək məntiqi ilə formalaşıb, yeni mətn isə sülhə xidmət etmək üçün nəzərdə tutulub.
Ermənistanın ilk rəhbəridir ki, işğal konstitusiyasını rədd edir. Həmin bədnam sənədə görə Türkiyə, Azərbaycan, Gürcüstan və hətta kölgəsində yaşadıqları Rusiyaya qarşı ərazi iddiaları irəli sürülür. Belə çıxır ki, Cənubi Qafqaz regionunun ərazisinin böyük bir qismi terrorçu erməni sürüsünün torpağı imiş. Belə xəbis niyyəti onların əvəzinə düşünənlər olub. Qonşu ölkələrin ərazilərini mübahisələndirənlər bunu qəsdən ediblər ki, regionda heç vaxt sülh və sabitlik olmasın. Əlbəttə, bu, ermənilərə sevgidən irəli gəlməyib. Təşkilatçılar erməni toplumunu silahlandıraraq qonşularla dəfələrlə elə dəhşətli qırğınlara sövq ediblər ki, barışığa yer olmasın. Bununla da iki yüz il mənfur “parçala, hökm sür” siyasətini həyata keçiriblər. Yoxsa Türkiyəyə məxsus Ağrı dağının təsviri Ermənistanın gerbində niyə əks etdirilirdi? Bu, “çuvalını qoy yerə, gəl dalaşaq” demək deyilmi? Rusiya 5 milyard dollarlıq silah-sursatı niyə Ermənistana müftə verirdi? Bunun izahı nədir?
Nəhayət, gec olsa da bu qanlı siyasətin məqsədini anlayan Nikol Paşinyan qonşulara qarşı tərsinə quraşdırılmış iyrənc siyasəti hissə-hissə söküb ataraq yenisini yaradır. O, çalışır ki, içi Türkiyəyə və Azərbaycana kin və nifrətlə doldurulmuş erməniləri sağlam mühitə çıxarsın. Bilirik ki, bunu etmək sadə məsələ deyil. Zəhərlənmiş beyinlərə sülhü və barışı yerləşdirmək Paşinyan üçün çox çətindir. Ancaq o, Ermənistanı revanşistlərin, kilsə tör-töküntülərinin və bəzi xarici dairələrin əlindən qopararaq sülhü seçən erməni cəmiyyəti formalaşdırmağa cəhdlər göstərir. Hamının gözü qarşısında saxta “erməni soyqırımı”nı əhəmiyyətsiz sayan baş erməni daşnaklara öldürücü zərbə vurub. Qısaca desək, Nikol Paşinyan qonşularla dinc yanaşı yaşamağa zəmin yaradıb. Yeni Konstitusiya qəbul olunandan sonra sülhdən asılı qalmış bir çox mübahisəli məsələlər də sürətlə öz həllini tapacaq.
Vəli İlyasov, “İki sahil”
