Maka Boçorişvili Aİ-ni Gürcüstana qarşı təhdidlərdə ittiham edib


© APA | Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili
20 noyabr 2026 00:56 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edə biləcəyinə dair təhdidlər yenidən gündəmə gəlib.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının “İmedi Live” proqramında bildirib.
Onun sözlərinə görə, Aİ xarici işlər nazirlərinin 2027-ci ilin yanvarında Gürcüstanla bağlı keçirməyi planlaşdırdıqları müzakirələr nikbinlik yaratmır.
“Avropa İttifaqına üzv olan bir sıra dövlətlər Brüsselin Gürcüstana qarşı hazırkı mövqeyini dəstəkləmir. Bu, faktdır. Müzakirələrin konkret gündəliyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Gəlin, yanvar ayındakı müzakirələrin necə keçəcəyini gözləyək”, – Boçorişvili bildirib.
XİN başçısı Gürcüstan hakimiyyətinin Qərb əleyhinə mövqe tutmadığını və anti-Avropa ritorikasından istifadə etmədiyini də vurğulayıb.
Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl ittifaq ölkələrinin xarici işlər nazirlərinin 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı “demokratik geriləmə” səbəbindən yeni tədbirləri müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb.
İDMAN XƏBƏR
