Səfirlik rusiyalı konkisürənlərə viza verilməməsini ayrı-seçkilik adlandırdı


Rusiyanın Niderlanddakı səfirliyi rusiyalı konkisürənlərə viza verilməsindən imtinanın Rusiya idmançılarına qarşı sistemli ayrı-seçkilikdən xəbər verdiyini bəyan edib.
32gun.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Təəssüf ki, söhbət artıq rəsmi Haaqa tərəfindən atletlərimizə qarşı həyata keçirilən sistemli ayrı-seçkilik praktikasından gedir", — deyə səfirlikdən bildirilib.
Diplomatik nümayəndəlik həmçinin xatırladıb ki, bir ay əvvəl oxşar addımlar səbəbindən rusiyalı gimnastlar da Rotterdamda keçirilən dünya çempionatında çıxış edə bilməyiblər.
Bundan əvvəl Niderlandın Dünya Kubokunda iştirak etmək üçün rusiyalılara viza verməkdən imtina etdiyi barədə məlumat yayılıb. Buz üzərində Rusiyanın yeganə təmsilçisi ölkə ərazisinə Fransa Şengen vizası ilə daxil ola biləcək 22 yaşlı Daniil Naydenışev olacaq.
Turnir dekabrın 4-dən 6-dək Herenvendə keçiriləcək və seriyanın üçüncü mərhələsi olacaq.
Qeyd edək ki, iyunun 30-da Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2026/27 mövsümündən etibarən rusiyalı idmançıların qurumun bayrağı altında keçirilən turnirlərə buraxıldığını elan edib. Rusiya atletlərinə yarışlarda neytral statusda iştirak etməyə icazə verilib. Qərar ISU-ya daxil olan bütün idman növlərinin — fiqurlu konkisürmə, şort-trek və konkisürmə idmanının nümayəndələrinə şamil olunur və onlar həm fərdi, həm də komanda yarışlarında mübarizə apara bilərlər.
Ayaz
1 mənbə
