Şəffaf idarəetmə islahatların səmərəliliyini artırır


19.11.2026
17:08
Dövlət qurumlarında hesabatlılığın və şəffaflığın artırılması, korrupsiya risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması müasir idarəetmənin əsas prioritetlərindəndir.
ERAmedia-nın məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, risklərin vaxtında aşkarlanması və dövlət qurumlarında şəffaf idarəetmə prinsiplərinin gücləndirilməsindən asılıdır.
O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün hesabatlılıq, şəffaflıq və korrupsiyaya qarşı mübarizədə müasir yanaşmalara dair keçirilən təlim bu istiqamətdə maarifləndirmə və institusional potensialın artırılması baxımından əhəmiyyətlidir. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub.
Əliməmməd Nuriyevin sözlərinə görə, təlim zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizənin hüquqi və institusional əsasları, qəbul edilmiş strateji sənədlər və fəaliyyət planları barədə ətraflı məlumat verilib. Eyni zamanda, qanunvericilikdəki yeniliklər, dövlət qurumlarında korrupsiya risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi mexanizmləri diqqətə çatdırılıb.
Fond prezidenti vurğulayıb ki, korrupsiya risklərinin vaxtında aşkarlanmasında vətəndaş müraciətləri, audit nəticələri və digər məlumat mənbələri mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi və bu sahədə səlahiyyətli struktur bölmələrin fəaliyyətinin gücləndirilməsi də mübarizənin vacib istiqamətlərindəndir.
Təlim çərçivəsində hesabatlılıq və şəffaflığın ictimai etimadın möhkəmləndirilməsində, dövlət qulluqçularının məsuliyyətinin artırılmasında və idarəetmənin səmərəliliyində rolu da müzakirə olunub. Praktik nümunələr əsasında bu prinsiplərin gündəlik fəaliyyətdə tətbiqi məsələlərinə toxunulub.
Əliməmməd Nuriyev əlavə edib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması korrupsiya risklərinin azaldılması baxımından mühüm vasitələrdən biridir. Təlimdə Azərbaycanda tətbiq olunan təcrübələr və beynəlxalq yanaşmalar, həmçinin korrupsiya və qulluq mənafeyi əleyhinə cinayətlərə dair statistik göstəricilər, cinayət təqibi tədbirləri və praktikada rast gəlinən hüquqpozma halları nəzərdən keçirilib.
Qeyd edək ki, təlim qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və gündəlik fəaliyyətdə qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vural
