Zamanın sınağından çıxmış dostluqdan strateji tərəfdaşlığa doğru


19 noyabr 2026 17:19
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın xarici siyasət kursu çoxvektorlu olması, bərabərhüquqlu tərəfdaşlığa söykənməsi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanması ilə seçilir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə təkcə iki ölkə arasındakı mövcud münasibətlərin dərin təhlili deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında yeni əməkdaşlıq üfüqlərinin yol xəritəsidir.
Azərbaycan və Vyetnamı birləşdirən tellər təxminən yetmişillik zəngin bir tarixə söykənir. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam edən həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə böyük töhfə vermiş və bu gün də bəhrəsini gördüyümüz əməkdaşlığın möhkəm təməlini formalaşdırmışdır.
Dövlət başçımızın müsahibəsində xüsusi vurğulandığı kimi, bu tarixi ənənələr müasir dövrdə daha da zənginləşdirilir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri və ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Bakıya səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Həmin səfər çərçivəsində qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi ən yüksək siyasi müstəviyə daşıyan tarixi sənəd oldu. Təsadüfi deyil ki, bu gün dövlət başçıları səviyyəsindəki fəal dialoqla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx əlaqələr, eləcə də Milli Məclisin parlamentlərarası dostluq qrupu xətti ilə səmərəli əməkdaşlıq uğurla davam etdirilir.
İkitərəfli münasibətlərin əsas lokomotivini, şübhəsiz ki, iqtisadi-ticari və enerji əməkdaşlığı təşkil edir. 2025-ci ilin yekunlarına əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, mövcud potensial bundan qat-qat böyükdür. Tarixən əməkdaşlığımızın əsasını təşkil edən neft-qaz sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, hasilat və mütəxəssis hazırlığı sahələrində yeni perspektivlər açır. Bununla yanaşı, qeyri-neft sektorunda və yaşıl enerji sahəsində də mühüm addımlar atılır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə sənədlərin imzalanması Vyetnam biznesinin ölkəmizdəki əlverişli investisiya mühitinə böyük marağının bariz nümunəsidir.
Xüsusi diqqət yetirilməli məqamlardan biri də nəqliyyat-logistika sahəsindəki sıçrayışdır. 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tondan çox olması regionun əsas logistika ünvanına çevrilən Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətə ən qısa, təhlükəsiz marşrutla çatdırılması üçün unikal imkanlar yaradır.
Azərbaycan-Vyetnam dostluğunu sarsılmaz edən digər mühüm amil isə dərin humanitar və mədəni bağlardır. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və bu gün öz ölkələrinin inkişafında mühüm rol oynaması ortaq tariximizin qürurverici səhifəsidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu ənənəyə göstərilən ehtiramın rəmzidir. Eyni zamanda, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə Vyetnamda həyata keçirilən təhsil və xeyriyyə layihələri, Ha Giang əyalətində məktəb tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək xalqlarımızı bir-birinə daha da doğmalaşdırır.
Qara Qarayevin “Vyetnam süitası”ndan və görkəmli kinorejissorumuz Əjdər İbrahimovun Vyetnam milli kino məktəbinin formalaşmasındakı misilsiz xidmətlərindən başlanan mədəni körpü bu gün Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri, qarşılıqlı ədəbi nəşrlərlə davam etdirilir. Ən əsası isə, Azərbaycan və Vyetnam həm sevincli, həm də çətin günlərdə bir-birinin yanındadır. 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildə baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün ölkəmizin Vyetnama göstərdiyi maliyyə yardımı əsl dostluq və həmrəylik nümunəsidir.
Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan səfəri, heç şübhəsiz ki, Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövləti ilə Cənubi Qafqazın lider ölkəsi arasında tərəfdaşlığı daha da dərinləşdirəcək, xalqlarımızın rifahına və regional əməkdaşlığa sanballı töhfələr verəcəkdir.
Anar Məmmədov,
Milli Məclisin deputatı
Bölmədən digər xəbərlər