“Səbuhinin oynaması üçün hələ tezdi”


Məlum olduğu kimi, 11-ci turdan sonra milli komandaların oyunları ilə bağlı fasilə yaranmışdı. Artıq cümə günü növbəti tur start götürəcək. Turun önəmli oyunlarından biri Sumqayıtda keçiriləcək. Belə ki, şəhərin eyniadlı təmsilçisi uzun fasilədən sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdır. Avqustda ot örtüyünün sıradan çıxması səbəbindən bu arenadan istifadə edə bilməyən “kimyaçılar”, nəhayət, doğma azarkeşləri önündə meydana çıxacaq.Qayıdışda ilk rəqib isə “Sabah” olacaq. Meydan sahiblərinin heyətinin durumu maraq doğurur. Cari mövsümün ilk turunda, avqustun 16-da “Neftçi” ilə görüşdən sonra əli ilə şüşəni sındırandan sonra zədə alan Səbuhi Abdullazadənin artıq komanda ilə məşqlərə çıxdığını bildirmişdik. Oktyabrın 10-da, premyer-liqanın 7-ci turu çərçivəsində “Qəbələ” ilə görüşün 22-ci dəqiqəsində Jeam Oliveyra da zədələnmişdi.
Görəsən, “Sumqayıt” bu vacib görüşdə həmin futbolçularının xidmətindən yararlana biləcəkmi?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxlayıb:
“Hər ikisinin qışa qədər meydana çıxması mümkün olmayacaq. Səbuhi komanda ilə məşqlərə qatılsa da, oynaması üçün hələ tezdi. Jeam isə hələ zədəsini sağaltmayıb”.
İSRAYIL XEYRULLAYEV
