“Kəpəz” – “Qarabağ” oyununa böyük maraq


Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də baş tutacaq “Kəpəz” – “Qarabağ” qarşılaşmasının bilet satışı ilə bağlı rəsmi məlumat açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
Gəncə Şəhər Stadionunda keçiriləcək oyun üçün satışa çıxarılan biletlərin böyük əksəriyyəti qısa zamanda tükənib. Belə ki, qonaq komandanın müraciətinə əsasən “Qarabağ” azarkeşləri üçün ayrılan 976 yerlik kvota da daxil olmaqla bütün əsas sektorların biletləri artıq alınıb.
Azarkeşlərin yüksək marağını nəzərə alan klub ehtiyatda saxlanılan sonuncu, W-6 sektorunun biletlərini bu gün satışa buraxıb və günün sonuna satışda cəmi 500 bilet qalıb. Qeyd olunub ki, matçı W-6 sektorundan izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarından əldə edə bilərlər. Kassalar sabah saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
