Sanksiyalardan tam embarqoya doğru: ABŞ-nin “Dəmir Qapı” İşçi Qrupu İranın quru və Xəzər sərhədlərini kilidləyə biləcəkmi?


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 7-də yaydığı açıqlama ilə İrana tətbiq edilən dəniz blokadasına və hava daşımalarına qoyulan məhdudiyyətlərə əlavə olaraq, Xəzər dənizinin sahillərində və quru sərhədlərində də ciddi nəzarəti nəzərdə tutan yeni işçi qrupu təşəbbüsünü elan edib. “Task Force Iron Gate” (“Dəmir Qapı” İşçi Qrupu) adlandırılan bu yeni təşəbbüsün məqsədi sanksiyalara məruz qalan malların, silahların və ikili təyinatlı materialların İrana girişinin və ölkədən çıxışının qarşısını almaqdır.
CENTCOM-un açıqlamasına görə, bu vəzifəni yerinə yetirmək üçün Florida ştatının Tampa şəhərində mülki və hərbi qulluqçulardan ibarət 20 nəfərlik qrup yaradılıb. Lakin missiyanın əhatə dairəsi, hansı sərhəd-keçid məntəqələrinə necə nəzarət ediləcəyi və prosesin əraziyə hərbçilər göndərilmədən hansı qaydada həyata keçiriləcəyi barədə heç bir təfərrüat açıqlanmayıb. Digər tərəfdən, yayımlanan xəritədə Türkiyə, İraq, Azərbaycan, Ermənistan, Türkmənistan, Əfqanıstan və Pakistan sərhədlərinin işarələndiyi görünüb.
Sanksiyalardan embarqoya: “Dəmir Qapı” təşəbbüsünün məqsədi ABŞ prezidenti Donald Tramp yeni təşəbbüsü əsaslandırarkən Fars körfəzindəki ABŞ müttəfiqlərinin hərbi güc tətbiq etməkdənsə, iqtisadi təzyiqə üstünlük verdiklərini irəli sürüb. İran tərəfi isə bu yeni mexanizmi ABŞ-nin hərbi və Trampın seçki “məğlubiyyətini” ört-basdır etmək cəhdi kimi qiymətləndirib. Türkiyədən bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İran limanlarına hazırda tətbiq olunan ABŞ blokadası ölkənin neft ixracını demək olar ki, dayandırıb və bir çox sektorda problemlərə səbəb olub. İranın ticarətinin böyük hissəsi quru sərhəd-keçid məntəqələrinə yönəlib. Bu baxımdan “Dəmir Qapı” təşəbbüsünü Skott Bessentin avqust ayında elan etdiyi iqtisadi təzyiq kampaniyasının yeni tərkib hissəsi kimi qiymətləndirmək mümkündür.
İranın quru sərhədi və Xəzər dənizi vasitəsilə qonşu ölkələrlə həyata keçirdiyi qeyri-neft ticarətinin təxminən 75 faizi Türkiyə və İraqın payına düşür. Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının məlumatlarına görə, Gürbulak sərhəd-keçid məntəqəsindən İrana daxil olan yük maşınlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə avqust ayında təxminən 38 faiz, noyabrda isə 18 faiz artıb. Müharibədən əvvəl 1-2 kilometr olan ixrac növbəsi oktyabr ayında 13 kilometrə qədər uzanıb.
İraqın sərhəd-keçid məntəqələrində isə oxşar artım müşahidə olunmur. Əksinə, Bağdad son həftələrdə bəzi keçid məntəqələrini texniki səbəblərlə bağlayır. Digər tərəfdən, Rusiyanın Xəzər dənizi vasitəsilə İrana hərbi materiallar göndərdiyi də məlumdur. Buna görə də məsələnin həm İrana hərbi tədarükün dayandırılması, həm də ölkənin iqtisadi baxımdan boğulmasının daha da gücləndirilməsi ilə bağlı tərəfləri mövcuddur.
“Dəmir Qapı” təşəbbüsü müdaxilə mexanizmi kimi təqdim edilsə də, Trampın, Bessentin və ABŞ-nin digər yüksəkvəzifəli rəsmilərinin açıqlamaları bu təşəbbüsün əsas məqsədinin İrana mal və xidmət axınını mümkün qədər məhdudlaşdırmaq olduğunu göstərir. Başqa sözlə, ABŞ sanksiya rejimini embarqo rejiminə çevirmək istəyir. Eynilə vaxtilə İraqın devrilmiş lideri Səddam Hüseynin rəhbərliyi altında olan İraqa tətbiq edildiyi kimi. Məhz bu məqamda ABŞ-nin belə bir addımı həyata keçirmək üçün lazımi vasitələrə malik olub-olmadığı sual doğurur.
“Dəmir Qapı” təşəbbüsünün regional məhdudiyyətləri ABŞ-nin Xəzər dənizinə hərbi çıxışı yoxdur. Eyni şəkildə, Türkiyə və İraqın quru sərhədlərinə nəzarət etmək üçün də ABŞ-nin hərbi mövcudluğu yoxdur. Buna görə də aydın olur ki, Vaşinqton bu prosesi müvafiq ölkələr vasitəsilə həyata keçirməyə çalışacaq. İraqın ABŞ təzyiqlərinə müqavimət göstərmək imkanlarının məhdud olduğunu söyləmək olar. Ölkə onsuz da İrana yaxın qrupların tərksilah edilməsi kimi həssas prosesin içərisindədir. Həm İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) daxilində ciddi fikir ayrılıqları, həm də Ərbil-Bağdad xəttində mühüm problemlər mövcuddur.
İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ rəsmilərinin mərkəzi hökumətin və İraq Kürdüstan Regional Rəhbərliyinin nəzarətində olan ərazilərdə hər birində bir sərhəd-keçid məntəqəsinin açıq saxlanılmasını istədiklərini bildirib. Bu, iki ölkə arasındakı doqquz sərhəd-keçid məntəqəsindən yeddisinin bağlanmasının tələb edildiyi anlamına gəlir. İraqı həm iqtisadi, həm də siyasi baxımdan olduqca çətin vəziyyətə salacaq bu tələbin yerinə yetirilməsinin çətinliyi də Hüseyn tərəfindən dilə gətirilib. Hətta bu tələbin həyata keçirilməsinə cəhd göstərilsə belə, müxtəlif silahlı qruplar arasında toqquşma riskinin xeyli artacağı proqnozlaşdırıla bilər.
Türkiyənin isə ABŞ-nin sözügedən təzyiqlərinə müqavimət göstərmək imkanları İraqla müqayisədə daha genişdir. Ankara hər iki ölkə ilə münasibətlərini müəyyən tarazlıqda saxlamaqla prosesi idarə etmək qabiliyyətinə malikdir. Türkiyə-ABŞ münasibətlərinin Türkiyə-İran əlaqələrini sınağa çəkdiyi ilk hadisə bu deyil. 2010-cu il Tehran sazişi bu cür sınaqların bəlkə də ən yüksək nöqtəsi idi. Əlbəttə, hazırkı şərait və qüvvələr balansı tamamilə fərqlidir. Müharibə dövründə Türkiyə sərhədi İran üçün həyat xəttinə çevrilib. Bu, ikitərəfli münasibətlərdə üstünlüyün Ankaranın tərəfinə keçdiyini göstərir. Lakin Ankara bu üstünlükdən qədim qonşusuna təzyiq göstərmək üçün deyil, müharibəyə və onunla əlaqəli regional böhranlara diplomatik həll yolu tapmaq məqsədilə istifadə etməyə çalışır.
Prezident Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Trampla keçirdiyi görüşdə səsləndirdiyi fikirlər əlavə şərhə ehtiyac qoymur. Prezident Ərdoğan yeni müharibəyə qarşı olduğunu bildirərkən yeganə həll yolunun diplomatiya olduğunu vurğulayıb. Buna görə də Ankaranın iqtisadi təzyiqləri də qəbul etmədiyi məlumdur. Ankara bu təzyiqləri prinsip etibarilə mənimsəməsə də, praktikada “seçici uyğunlaşma” yanaşması ilə hərəkət edir.
Bəzi özəl sektor şirkətləri ikinci dərəcəli sanksiyalara məruz qalmaq qorxusu ilə İran şirkətləri ilə kommersiya əlaqələrini dayandırırlar. Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) isə İranın “Bank Mellat” bankının İstanbul filialının fəaliyyət lisenziyasını ləğv edib. Bu arada “Mahan Air” şirkətinin Türkiyəyə uçuşları dayandırılıb, Türkiyə aviaşirkətləri də İrana uçuşları ləğv ediblər. Bununla belə, ABŞ-nin sanksiya siyahısına düşmək riskinə baxmayaraq, digər İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlər də var. İki ölkə arasında uçuşların intensivliyi azalsa da, onlar davam edir. Bu nümunələrin heç biri Türkiyənin İrana qarşı sanksiya qərarı deyil. BDDK qərarını əmanətçilərin qorunması ilə əsaslandırıb, “Mahan Air” uçuşlarını özü dayandırıb, Türkiyə şirkətləri isə ABŞ sanksiyalarından sonra öz qərarları ilə reysləri ləğv ediblər.
Türkiyə iqtisadi təzyiqlərin gözlənilən siyasi nəticəni vermədiyini görür. Eyni zamanda, bu təzyiqlərin ikitərəfli münasibətlərə zərər vurmaq potensialının olduğunu da anlayır. Türkiyənin mümkün iqtisadi itkilərini də bu mənzərəyə əlavə etmək olar. Buna görə də “Dəmir Qapı” təşəbbüsünün Türkiyə üzərindən həyata keçirilməsi ehtimalının kifayət qədər aşağı olduğu düşünülə bilər. Türkiyənin İranla üç quru sərhəd-keçid məntəqəsi hazırda açıqdır. Son dövrdə dördüncü keçid məntəqəsinin də açılması planlaşdırılır. Bundan əlavə, COP31 Liderlər Zirvəsi çərçivəsində Antalyada İran prezidenti Məsud Pezeşkianla prezident Ərdoğanın görüşündə ikitərəfli ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.
Nəticə etibarilə, ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi Türkiyə vasitəsilə genişləndirmək və gücləndirmək istiqamətində atacağı addımların gözlənilən nəticəni verməyəcəyi, Türkiyənin isə İranla ikitərəfli münasibətlərində müəyyən tarazlığı qorumağa çalışacağı söylənə bilər.
İranın şərq və şimal-şərq qonşuları olan Pakistan, Əfqanıstan və Türkmənistan ticarət dövriyyəsinin həcminə görə Türkiyə və İraqdan geri qalsalar da, “Dəmir Qapı” təşəbbüsünün hədəfləri baxımından xüsusi əhəmiyyət daşıyırlar. İran Gömrük İdarəsinin məlumatlarına görə, Pakistan və Əfqanıstanla ümumi ticarət dövriyyəsi təxminən 5,6 milyard dollar təşkil edir. Türkmənistanla ticarət isə yarım milyard dollardan azdır.
Pakistan Vaşinqtonla Tehran arasında vasitəçilik rolunu davam etdirdiyinə görə sərhəd-keçid məntəqələrini tamamilə bağlaya bilməz. Bununla belə, İslamabad son dövrdə təhlükəsizlik və qaçaqmalçılıqla mübarizə səbəblərini əsas gətirərək keçid məntəqələrini vaxtaşırı bağlayır və İrandan idxal edilən məhsullara sənədləşdirmə tələbi qoyur.
ABŞ-nin səfirliyinin olmadığı və diplomatik münasibətlərinin son dərəcə məhdud olduğu Əfqanıstana qarşı Vaşinqtonun təzyiq imkanları ən zəif səviyyədədir. Bununla belə, İranla Taliban arasında mövcud olan bəzi problemlər və Əfqanıstandakı müəyyən inkişaf layihələrinə ABŞ-nin yardım göstərməsi bu məsələni danışıqlar predmetinə çevirir.
Türkmənistan İranı Çin və Rusiya ilə birləşdirən dəmir yolu xətləri səbəbindən əhəmiyyət daşıyır. ABŞ iyulun 9-da İnçə-Burun xətti üzərində yerləşən Ak Təpə Xan körpüsünü vurub, lakin bunun səbəbini açıqlamayıb. İran isə xətti qısa müddət ərzində təmir etdiyini bildirib. Nəticə etibarilə, Vaşinqtonun İranın şərq qonşularına qarşı da yalnız dolayı vasitələrlə nəticə əldə etməyə çalışacağı və quru sərhədlərinə nəzarət imkanlarının məhdud qalacağı söylənə bilər.
Asif Cəfərov Ordu.az
