Şahruddin yox, UEFA günahkardı!


Bəribaşdan deyim ki, şəxsən mən Maltanın D liqasının qalibi kimi AÇ-2028-in pley-offunda iştirak edə biləcəyinə inanmıram. Bunun gerçəkləşməsi üçün hədsiz çox şərtin üst-üstə düşməsi lazımdı. Amma və lakin...İndi hər kəs Şahruddin Məhəmmədəliyevin üstünə düşüb, daha doğrusu, qapıçının “eşitmişdim ki, xalların bərabərliyi halında reytinqi yüksək olan komanda qalib sayılır, bu göstəricidə isə biz Maltadan yaxşıyıq, qol vurmaq lazım gəldiyini bilsəydik, ikinci hissədə fərqli oynayardıq” sözlərindən yapışıb, yığma üzvlərini reqlamenti bilməməkdə, AFFA-nı və yığmanın məşqçi korpusunu onlara bu yöndə bilgi verməməkdə qınayırlar. Söz yox, haqlı iradlardı. Adam məhlə futbolu səviyyəsində turnirə qatılanda da reqlamenti öyrənir ki, sonra özünü nəyə görəsə suçlamasın. Ayxan Abbasovun yığması Maltanın məhz daha çox qol vurduğuna görə liqanın qalibi olması ehtimalını nəzərə almalı, Lixtenşteynin qapısından 2-ci, 3-cü topu keçirməliydi. Amma Emil Balayev 90+2-ci dəqiqədə “vaxt öldürməyə” görə sarı vərəqə alırsa, deməli, yığmanın düşərgəsində həqiqətən də reqlamentdən xəbərsiz olublar, qrup liderliyi ehtirası strateji düşünməyə imkan verməyib. Bura qədər hər şey aydındı. Amma indi mən başqa məqama toxunmaq istəyirəm.
Deməli, həm Malta, həm də Azərbaycan 8 xal toplayıb, hər iki komandada top fərqi +2-di, hər iki komanda iki qələbə qazanıb, iki oyunda heç-heçə edib. Bəs onda Maltanın, sadəcə, 3 yox, 5 qol vurduğuna görə liqanın qalibi sayılması nə dərəcədə ədalətlidi? Heç bir ədalət yoxdu! Ona da əminəm ki, istənilən başqa reytinq göstəricisində Azərbaycan Maltadan üstündü. Bu dünyada ən etibarlı güc göstəricisi FİFA reytinqi sayılır ki, dünən açıqlanan son siyahıda Azərbaycan 124-cü, Malta 161-ci yerdədi. Odu ki, AFFA-nın imkanı və hüququ varsa, bu məqamı UEFA ilə dartışması yaxşı olardı.
Hə, keçək başqa məsələyə... O məsələyə ki, girişdə Maltanın D liqasının qalibi kimi AÇ-nin pley-offunda oynayacağına inanmadığımı desəm də, yaxın tarixdə belə nümunə olub. Millətlər Liqasının 2022/23 mövsümündə də D liqasında mübarizə iki qrupda gedib. 4 komandalı 1-ci qrupun qalibi 13 xalla Latviya, 3 komandalı 2-ci qrupun qalibi isə 12 xalla Estoniya olub. Yəni estonlar bütün oyunlarda qələbə qazanıbsa, latışlar iki oyunda xal itirib. Estoniyanın nəticəsini üstün tutan UEFA AÇ-nin pley-offunda D liqasının qalibi üçün boşalan yeri məhz bu ölkəyə verib. Düzdü, Baltikyanı ölkə təmsilçisi daha aşağı reytinqə malik olduğuna görə pley-offun yarımfinal oyununu səfərdə keçirib (Polşa – 1:5) və qitə çempionatına yollana bilməyib. Amma reallıq budu ki, Estoniya indi bizə xəyal kimi görünən pley-offun yarımfinalına qədər irəliləyib. Polşanı udsaydılar, finalda Uelslə qarşılaşacaqdılar...
...İndi gələk sərlövhədəki sualın üzərinə: Şahruddin, yoxsa UEFA günahkardı?
HUŞƏNG
