Sahibkarların təklifləri 2027-ci il vergi yeniliklərinin əsasını təşkil edib


Sahibkarların müraciət və təklifləri əsasında Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu məqsədlə Dövlət Vergi Xidməti sahibkarlıq assosiasiyaları və maliyyə institutları ilə əməkdaşlığı genişləndirir, biznes subyektlərinin qarşılaşdıqları problemləri və qanunvericiliklə bağlı təkliflərini müzakirə edir.
SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində deyib.
O bildirib ki, sahibkarlıq assosiasiyaları ilə iş üzrə Dövlət Vergi Xidmətində ayrıca funksional şöbə fəaliyyət göstərir. Ötən il bu istiqamətdə 50-yə yaxın sahibkarlıq assosiasiyası ilə görüşlər keçirilib. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların problemləri, qanunvericilik və inzibatçılıq sahəsindəki təklifləri dinlənilib.
Onun sözlərinə görə, 2027-ci ildən tətbiqi gözlənilən dəyişikliklərin, o cümlədən mikro və kiçik sahibkarlıq subyektləri ilə bağlı yeniliklərin bir çoxu məhz həmin görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlər əsasında formalaşıb. Ötən il Dövlət Vergi Xidmətinin nümayəndələri qurumun birbaşa təşkil etdiyi görüşlərlə yanaşı, digər platformalar vasitəsilə keçirilən 20-dən artıq görüşdə də iştirak ediblər.
Elmir Qarayev qeyd edib ki, Dövlət Vergi Xidmətinin maliyyə institutları ilə əməkdaşlığı da məhsuldar xarakter daşıyır. Bu tərəfdaşlıq həm maliyyə institutları, həm də onların müştərisi olan sahibkarlıq subyektləri üçün əməliyyatların həyata keçirilməsi və inzibatçılıq baxımından əlavə imkanlar yaradır.
O vurğulayıb ki, gələcək illərdə də sahibkarlarla və maliyyə institutları ilə bu formatda görüşlərin, qarşılıqlı dialoqun davam etdirilməsi nəzərdə tutulur.
1 mənbə
