Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv EDİRMİŞ


“Sağlam və faydalı hesab olunan bəzi qidalar uzunmüddətli və tez-tez qəbul edildikdə diş minasını tədricən aşındıra bilər”.
Redaktor.az xəbər verir ki, bu barədə stomatoloq Lyudmila Berezina məlumat verib.
Həkim ilk növbədə sitrus meyvələrinin — limon, portağal, qreypfurt və onların şirələrinin dişlərə zərər verə biləcəyini qeyd edib:
“Onların tərkibindəki üzvi turşular dişlərlə uzun müddət təmasda olduqda minanı tədricən nazikləşdirir. Xüsusilə davamlı olaraq limonlu su içmək, sitrus dilimini ağızda saxlamaq və ya sormaq vərdişi olduqca zərərlidir”.
Stomatoloq dişlər üçün gözlənilmədən təhlükə yarada biləcək digər məhsul kimi quru meyvələrin adını çəkib. Onun sözlərinə görə, kişmiş, ərik qurusu (qaysı), xurma və qurudulmuş quşüzümünün tərkibində qatılaşdırılmış şəkər var və onlar yapışqan quruluşa malikdir. Mütəxəssis xəbərdarlıq edib ki, bu qidaların hissəcikləri dişlərin arasında və çeynəmə səthindəki təbii çökəkliklərdə uzun müddət qala bilər.
L. Berezina əlavə edib ki, sirkəli məhsullar — turşuya qoyulmuş tərəvəzlər, bəzi salat sousları və bəzən “sağlamlıq üçün” içilən alma sirkəsi də tez-tez istehlak edildikdə dişlərə zərər vurur. Həkim sirkə turşusunun dişlərlə müntəzəm təmasının eroziya riskini artırdığını izah edib.
