Cəlal Qurbanovdan şəhid anasına sürpriz – VİDEO


22.11.2026 - 23:361002 dəq oxu
Şəhid ailələrinə göstərilən diqqət, ehtiram və mənəvi dəstək bəzən ən dəyərli hədiyyədən də üstün olur. Cəlal Qurbanovun Oğuz rayonunun Xaçmaz kəndində atdığı addım da bu baxımdan diqqət çəkib.
Doğru.az xəbər verir ki, Cəlal Qurbanov Vətən müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin ailəsinin ikiqat sevincinə şərik olub.
Belə ki, şəhidin anası Aqibət xanımın 60 illik yubileyi, qardaşı Faiqin isə toy mərasimi eyni günə təsadüf edib. Cəlal Qurbanov bu əlamətdar günlərdə ailənin yanında olmaq üçün dostları və doğmaları ilə birlikdə Oğuz rayonuna yollanıb.
Maraqlı məqam isə onun öz ailəsində verdiyi qərarla bağlıdır. Həmin gün Cəlal Qurbanovun ilk övladının da 20 yaşı tamam olub. Lakin o, şəhid anasına yubileyində sürpriz etmək və ailənin sevincini bölüşmək üçün qızının doğum günü mərasimini növbəti günə keçirməyi qərara alıb. Dostları ilə bir gün öncədən Oğuza gələrək gecə saatlarında Aqibət anaya sürpriz edib.
Cəlal Qurbanov bu addımının səbəbini atasından öyrəndiyi ailə dəyərləri ilə əlaqələndirib. Bildirib ki, uşaqlıqdan atasının hər sevincində ilk növbədə öz valideynlərinin könlünü aldığını görüb. Bu dəyəri özü də yaşadır və övladlarına aşılayır.
O, şəhid ailələrinə münasibətini ifadə edərkən xüsusi olaraq vurğulayıb ki, şəhid anaları ona öz anası, şəhid ataları isə öz atası qədər doğmadır.
Onun sözlərinə görə, Oğuzda və digər rayonların ucqar kəndlərində şəhid ailələrinin qapısını açarkən öz doğma evinə gəlmiş kimi hiss edir. “Mənim oğlum qəhrəmandır!” layihəsinin Oğuz rayonu üzrə baş koordinatoru olan Aqibət ananın da bu birliyin qorunmasında böyük əməyi var.
Cəlal Qurbanov şəhidin qardaşı Faiqi toy münasibətilə təbrik edərək yeni qurulan ailəyə xoşbəxtlik arzulayıb. O, ürəyindəki bir arzunu da bölüşüb: Allahın Faiqə bir oğul övladı nəsib etməsini və həmin uşağa qəhrəman əmisi Nailin adının verilməsini arzulayıb.
“Bir gün bu ocaqda balaca Nailin ayaq səsləri eşidilər, o da nənəsinin dilindən adını daşıdığı əmisinin necə bir oğul olduğunu öyrənər”, – deyə Cəlal Qurbanov qeyd edib.
Aqibət ananı 60 illik yubileyi münasibətilə təbrik edən Qurbanov ona möhkəm can sağlığı, Faiqin övladlarını qucağına almağı və ailəsinin xoş günlərini görməyi arzulayıb.
Bəzən insanın böyüklüyü sahib olduğu imkanlarla deyil, başqasının sevincinə və kədərinə nə qədər ürəkdən şərik olması ilə ölçülür. Öz övladının doğum gününü başqa günə keçirərək şəhid anasının sevincini önə çəkmək isə sadəcə bir ziyarət deyil, mənəvi dəyərlərə, şəhid xatirəsinə və müqəddəs ailə bağlarına verilən qiymətin ifadəsidir.
DOĞRU.AZ
