“Mən Leninəm!” – Moskvanın məşhur qulduru onu tanımadı və soyub küçədə qoydu: Tarixin inanılmaz hadisəsi


Elə hadisələr var ki, tarix kitablarında rast gəlmədiyimiz üçün onları eşidəndə təəccüblənirik. 1919-cu ildə Moskvada baş vermiş bu hadisə isə həm maraqlı, həm də inanılmazdır. Təsəvvür edin: dünyanın ən qüdrətli siyasi liderlərindən biri hesab edilən Vladimir Lenini adi bir quldur dəstəsi soyur, özü də onu tanımadan!
1919-cu il yanvarın 6-da axşam saatlarında məşhur Moskva qulduru Yakov Koşelkovun (Yaşka Koşelyok) dəstəsi Vladimir Leninin olduğu avtomobili saxlayaraq qarət edir.
Həmin axşam Lenin bacısı Mariya Ulyanova, şəxsi sürücüsü Stepan Gil və mühafizəçisi İvan Çabanovla birlikdə Sokolnikidə yerləşən meşə məktəbinə gedirdi. Orada uşaqlar üçün Yeni il şənliyi təşkil olunmuşdu. Leninin həyat yoldaşı Nadejda Krupskaya da həmin müəssisədə müalicə alırdı.
Koşelkovun dəstəsinə isə başqa bir qarət üçün təcili avtomobil lazım idi. Quldurlar Sokolniki istiqamətində yola çıxaraq qarşılarına çıxan ilk maşını saxlamaq qərarına gəlirlər. Təsadüf elə gətirir ki, saxladıqları avtomobil hökumətə məxsus “Delaunay-Belleville” markalı maşın olur.
Lenin qarşısındakı silahlı şəxsləri Qırmızı Ordu patrulu hesab edərək sürücüyə dayanmağı tapşırır. Lakin quldurlar sərnişinləri avtomobildən düşürəndə o, kim olduğunu izah etməyə çalışır:
— Nə baş verir? Mən Leninəm!
Koşelkovun isə tarixə düşən cavabı belə olur:
— Cəhənnəmə ki, sən Levinsən, mən də Koşelkovam, gecələr şəhərin sahibi!
Quldurlar qarşındakı şəxsin Vladimir Lenin olduğunu anlamırlar. Sürücü Stepan Gilin versiyasına görə, quldur avtomobilin mühərrikinin səs-küyü səbəbindən Leninin soyadını düzgün eşitməyib.
Silahla hədələnən sərnişinlər şaxtalı havada küçədə qalırlar. Quldurlar Leninin “Brauninq” tapançasını, pul kisəsini və sənədlərini, o cümlədən Kremlə giriş vəsiqəsini götürərək avtomobillə hadisə yerindən uzaqlaşırlar.
Lakin hadisənin ən maraqlı hissəsi bundan sonra başlayır.
Avtomobildə Leninin sənədlərinə baxan Koşelkov nə etdiyini anlayır. O, dəstəsinə dərhal geri qayıtmağı əmr edir. İrəli sürülən versiyalardan birinə görə, quldur Lenini girov götürərək Butırka həbsxanasında saxlanılan məhbuslarla dəyişmək niyyətində idi.
Ancaq onlar geri qayıdanda Lenin artıq hadisə yerində deyildi. O, yaxınlıqdakı rayon sovetinə gedərək baş verənlər barədə məlumat verməyə macal tapmışdı.
Lenini soyan quldur dəstəsi
Bu hadisədən sonra Koşelkov gizlənmək əvəzinə cinayətkar fəaliyyətini davam etdirir. O, bir neçə dəfə Çeka və milis əməkdaşlarını öldürür, yeni basqınlar təşkil edir, hətta bəzən özünü Moskva Çekasının əməkdaşı kimi təqdim edərək saxta axtarışlar aparırdı.
1919-cu ilin fevralında Çeka dəstə üzvlərindən birinin ifadəsini ələ keçirə bilir. Bundan sonra həbslər başlayır. Koşelkovun bir neçə silahdaşı güllələnir, lakin Yaşka yenidən ələ keçməkdən yaxa qurtarır.
Onun tutulması və Moskvaya aparılması zamanı da maraqlı hadisə baş verir. Deyilənə görə, şərikləri qatarda ona içərisində dolu tapança gizlədilmiş çörək ötürə bilirlər. Koşelkov Myasnitskaya küçəsində silahı çıxararaq mühafizəçini güllələyir və qaçmağa nail olur.
Bundan sonra onun axtarışı aylarla davam edir.
Nəhayət, 1919-cu il iyulun 26-da Bojedon məhəlləsində Koşelkovun izinə düşürlər. Silahlı qarşıdurma başlayır. Onun iki silahdaşı elə hadisə yerində öldürülür. Koşelkov isə aldığı çoxsaylı güllə yaralarından həlak olur.
Üstündən bir neçə tapança, qumbara, Çeka əməkdaşlarına məxsus vəsiqələr və ən maraqlısı – vaxtilə Lenindən aldığı “Brauninq” tapançası tapılır.
Koşelkovun qeyd dəftərçəsindəki qeydlər də diqqət çəkir. Həmin qeydlərdən belə məlum olur ki, o, Lenini qarət etdikdən sonra geri qayıdanda onunla haqq-hesab çəkmədiyinə təəssüflənirmiş.
Bu hadisə barədə Vladimir Şentalinskinin 1996-cı ildə “Novıy Mir” jurnalının 4-cü nömrəsində dərc olunmuş “Yaşka Koşelyok və Vladimir Lenin” adlı sənədli məqaləsində ətraflı bəhs edilir. Müəllif araşdırmasını cinayət işinin materialları və hadisə iştirakçılarının ifadələri əsasında hazırlayıb.
Beləliklə, 1919-cu ilin şaxtalı yanvar axşamında Moskva küçələrində baş verən bu hadisə tarixdə olduqca qəribə bir epizod kimi qalıb: bir tərəfdə bolşevik inqilabının rəhbəri Vladimir Lenin, digər tərəfdə isə onu tanımadan qarət edən məşhur quldur Yakov Koşelkov.
Bəzən tarix elə hadisələr yaradır ki, onların ən maraqlı tərəfi uydurma deyil, məhz həqiqətə nə qədər yaxın olmasıdır.
Ağagül Mürsəlov, KONKRET.az
