Sabonis xalsız bitirdiyi oyuna münasibət bildirib


Domantas Sabonis "Sakramento Kinqs"in mövsümə uğursuz startı və son oyununda xal toplaya bilməməsi barədə jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, litvalı mərkəz oyunçusu zədə şayiələrini təkzib edib və özünü tam formada hiss etdiyini bildirib. O, "Orlando Magic"ə qarşı keçirilən görüşdə 24 dəqiqə meydanda olsa da, 2 ribaund və 5 assistlə kifayətlənib, amma xal toplaya bilməyib. Sabonis bildirib: "Özümü əla hiss edirdim. 100 faiz formada idim. Sadəcə, ötən oyun fərqli keçdi. Daha yaxşı olmalıyam".
O, əlavə edib: "Düşünürəm ki, yaxşı məqamlar da var idi. Bəzi şeylər daha yaxşı ola bilərdi. Bəzən basketbol belə olur. Mən sadəcə, oyunu izləyib, məşq edib, üzərimdə işləməli və inkişaf etməliyəm".
"Sakramento Kinqs" mövsümə 1 qələbə və 10 məğlubiyyətlə başlayıb. Sabonis komandanın uğursuz seriyasının kollektivə təsir etdiyini deyib: "Bu, çox pisdir. Heç birimiz belə vəziyyətdə olmaq istəmirik. Komandanın uduzduğunu görmək ağırdır. Bu, məni incidir. Komandanı toparlamaq və yaxşı basketbol oynamaq istəyirik. Bilirik ki, 48 dəqiqə ərzində birgə mübarizə aparmalıyıq".
Stabillik axtaran "Kinqs" təcrübəli mərkəz oyunçusu Meyson Plamlini heyətinə qatıb. Klub eyni zamanda azad agent Qeyb Vinsentə də sonuncu heyət yerini təklif edib. Sabonis təcrübəli oyunçuların komandaya fayda verəcəyini vurğulayıb: "Nə qədər çox veteran olsa, bir o qədər yaxşıdır. Komandamız çox gəncdir. Təcrübəli liderlik bu gənclər üçün faydalıdır".
"Sakramento Kinqs" növbəti oyununu "Portland Treyl Bleyzers"ə qarşı keçirəcək.
