Ryo Hirakava mövsümün son iki yarışında Rafael Kamaranı əvəz edə bilər


Voando Baixo və GE.globo nəşrlərinin məlumatına görə, mövsümün son yarışları olan Qətər və Əbu-Dabi Qran Prilərində Haas bolidinin sükanı arxasına yenidən Ryo Hirakava keçə bilər.
Meksika Qran Prisində Esteban Okonu əvəz edərək trasa çıxan 32 yaşlı yaponiyalı pilot yarışı 10-cu yerdə başa vuraraq Formula 1-dəki debütündə komandasına xal qazandırmışdı.
Hirakava Dünya Dözümlülük Çempionatının (WEC) təqvimindəki üst-üstə düşmə səbəbindən San-Paulu və Las-Veqas yarışlarında iştirak edə bilməsə də, mövsümün son iki mərhələsində yenidən sükan arxasına keçməyə ən yaxın namizəd hesab olunur.
2027-ci il mövsümü üçün Haas ilə müqavilə imzalayan Rafael Kamaranın lider olduğu Formula 2-də çempionluq mübarizəsinə fokuslanmaq məqsədilə Qətər və Əbu-Dabi yarışlarında iştirak etməyəcəyi iddia olunur.
Braziliya mətbuatında yayılan bu məlumatlar hələ Haas tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
