Rüsumlarla bağlı yeni qərar: Bu məhsulun qiyməti dəyişəcək


Siqar, siqaret və siqarillaların idxalına tətbiq edilən gömrük rüsumunun artırılması tütün məhsullarının qiymətində mümkün dəyişiklikləri gündəmə gətirib. Yeni qərara əsasən, hər 1 000 ədəd məhsul üçün minimum gömrük rüsumu 0,5 dollardan 3 dollara yüksəldilib. Bu dəyişiklik idxalçı şirkətlərin xərclərinə və nəticə etibarilə istehlak bazarına təsir göstərə bilər.
Bəs yeni gömrük rüsumu siqaretlərin qiymətinin dəyişməsinə səbəb olacaqmı?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gömrük rüsumlarının, vergilərin və aksiz ödənişlərinin artırılması istənilən halda məhsulların satış qiymətinə təsir göstərir:
"İdxal olunan məhsulların gömrük rəsmiləşdirilməsi zamanı əlavə maliyyə yükünün yaranması şirkətlərin xərclərini artırır. Bu isə son nəticədə istehlakçılar üçün nəzərdə tutulan qiymətlərdə öz əksini tapır. Siqar, siqaret və siqarillaların idxalına tətbiq edilən gömrük rüsumunun artırılması da bu baxımdan istisna olmayacaq. Belə ki, idxalçı şirkətlər yeni rüsum dərəcələrinə uyğun olaraq əlavə ödəniş etməli olacaqlar. Şirkətlərin həmin xərcləri öz üzərinə götürməsi və ya məhsulun satış qiymətinə əlavə etməsi isə bazardakı mövcud vəziyyətdən və kommersiya siyasətindən asılıdır".
Ekspert qeyd edib ki, yeni qərarın qüvvəyə minməsindən sonra siqaretlərin qiymətində müəyyən artımların müşahidə olunması gözləniləndir. O bildirib ki, ilkin hesablamalara əsasən, bir qutu siqaretin qiymətində təxminən 5-10 qəpik bahalaşma ola bilər.
"Burada söhbət yalnız gömrük rüsumunun birbaşa təsirindən deyil, ümumilikdə idxal xərclərinin artmasından gedir. Çünki məhsulun ölkəyə gətirilməsi, gömrük rəsmiləşdirilməsi və sonrakı satış mərhələlərində yaranan xərclər yekun qiymətin formalaşmasında mühüm rol oynayır. İstənilən rüsum, vergi və digər ödənişlər, aksiz ödənişləri artırılan kimi qiymətlərə təsir göstərir. Bunun təsir etməməsi mümkün deyil. Ona görə də düşünürəm ki, təbii ki, artımlar olacaq. İndiki rəqəmlərə baxanda, bir qutu siqaret üzrə bahalaşmanın təxminən 5-10 qəpik civarında olacağı gözlənilir. Amma istənilən halda qiymət artımı olacaq”.
