Rusiyada etirazlara görə cərimələr artırılır


Rusiyada hakimiyyət etiraz aksiyalarına qatılanlara, ordunu tənqid edənlərə və bir sıra digər inzibati xətalara görə cərimələri kəskin artırmağa hazırlaşır. Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə dəyişiklikləri uşaqların sağlamlığının qorunması zərurəti ilə izah edib.
Musavat.com xəbər verir ki, Dövlət Duması İnzibati Xətalar Məcəlləsinin 29 maddəsi üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Cərimələr 50 dəfəyədək artırılır
Ən böyük artım “ekstremist materialların” yayılması ilə bağlı nəzərdə tutulub. Bu kateqoriya üzrə fiziki şəxslərə tətbiq edilən cərimələr 33–50 dəfə artırılaraq 50–100 min rubla, vəzifəli şəxslər üçün isə 100–200 min rubla çatdırılacaq.
Rusiya ordusunun “diskreditasiyası” və etiraz aksiyalarının təşkili ilə bağlı hüquqi şəxslər və vəzifəli şəxslər üçün cərimələrin ikiqat artırılması planlaşdırılır. Ordunun “diskreditasiyasına” görə təşkilatlar 1 milyon rubla qədər cərimələnə bilər.
Etiraz aksiyalarında iştirak edən vətəndaşlar üçün cərimələr isə 15–25 min rubla qədər yüksələcək.
Bundan başqa, yaşayış yeri üzrə qeydiyyatın olmaması, küçədə siqaret çəkilməsi və spirtli içki qəbul edilməsi ilə bağlı cərimələr ikiqat, xırda xuliqanlığa görə isə iki-üç dəfə artırılacaq.
Yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı qaydaların pozulmasına görə müəssisələrə tətbiq edilən cərimələr 4 milyon rubla çata bilər.
Volodin uşaqları önə çəkdi, etiraz aksiyalarını isə xatırlatmadı
Qanun layihəsinin səsverməsindən əvvəl Vyaçeslav Volodin dəyişikliklərin əsas məqsədinin insanların, xüsusilə uşaqların qorunması olduğunu bildirib.
“Ən vacibi uşaqları və onların sağlamlığını qorumaqdır”, – deyə Duma sədri vurğulayıb.
Maraqlıdır ki, Volodin cərimələrin artırılmasını əsaslandırarkən ilk növbədə yetkinlik yaşına çatmayanlara spirtli içki satışını qeyd edib. Ordunun “diskreditasiyası” ilə bağlı cərimələri çıxışının sonunda xatırladıb, etiraz aksiyaları və yaşayış yeri üzrə qeydiyyat məsələlərinə isə ümumiyyətlə toxunmayıb.
Halbuki hökumət oktyabrda qanun layihəsini parlamentə təqdim edərkən uşaqların müdafiəsini deyil, iqtisadi səbəbləri əsas göstərmişdi. İzahat sənədində cərimələrin mövcud iqtisadi vəziyyətə uyğunlaşdırılmasının zəruriliyi vurğulanırdı.
“Oliqarxlara toxunmaq olmaz, büdcəni vətəndaşların hesabına doldururlar”
Qanun layihəsi Dövlət Dumasında mübahisələrə səbəb olub. Səsvermədə 363 deputat lehinə, 18 deputat əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.
Kommunist Partiyasından deputat Aleksey Kurinnıy hökuməti büdcə gəlirlərini sadə vətəndaşların hesabına artırmaqda ittiham edib.
Onun sözlərinə görə, hakimiyyət “oliqarxlara və banklara toxuna bilmədiyi” üçün əlavə vəsaiti əhalidən toplamağa çalışır.
Deputat Nina Ostanina isə yaşayış yeri üzrə qeydiyyatın olmamasına görə cərimələrin 4–6 min rubla çatdırılmasını tənqid edib.
Maliyyə nazirinin müavini Aleksey Lipayev ittihamları rədd edərək məqsədin büdcəni doldurmaq deyil, təxminən 20 il əvvəl müəyyən edilmiş cərimələri indiki iqtisadi reallıqlara uyğunlaşdırmaq olduğunu bildirib.
Bununla belə, hökumətin hesablamalarına əsasən, yeni cərimələr federal büdcəyə hər il əlavə 3,08 milyard rubl, regional büdcələrə isə 2,2 milyard rubl gətirə bilər. Ümumilikdə söhbət ildə 5,28 milyard rubldan gedir.
Qanun layihəsi hələ qüvvəyə minməyib. Dövlət Dumasının hüquq idarəsi sənəddə bir sıra hüquqi və texniki qüsurlar aşkar etdiyindən ikinci oxunuşa qədər dəyişikliklərin edilməsi gözlənilir.
Musavat.com