Rusiya və İran TRIPP layihəsinə görə narahatdır: Ermənistan regional rəqabətdə öz maraqlarını qorumağa hazır olmalıdır


“Ermənistan ərazisindən keçən “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi və regionda ABŞ-nin iqtisadi mövcudluğunun genişlənməsi qüvvələr və maraqlar nisbətini dəyişir, Rusiya ilə İranı regional hesablamalarını yenidən nəzərdən keçirməyə sövq edir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya və İran arasında son danışıqların təfərrüatları Moskva və Tehranın Cənubi Qafqazdakı kommunikasiyaların gələcəyi ilə ciddi şəkildə maraqlandığını göstərir. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Tramp yolu”nun həyata keçirilməsi və regionda ABŞ-nin iqtisadi mövcudluğunun genişlənməsi qüvvələr və maraqlar nisbətini dəyişir.
Məqalədə bildirilir ki, noyabrın 5-də Kremldə Vladimir Putinlə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin üç saat davam edən görüşünün təfərrüatları Moskva və Tehranın geosiyasi hesablamalarının əsas istiqamətlərini üzə çıxarır.
“Görüşdə “Şimal-Cənub” beynəlxalq dəhlizi, Rəşt-Astara dəmir yolu, Azərbaycan ərazisi vasitəsilə Rusiyadan İrana qaz tədarükü və regional təhlükəsizlik məsələləri müzakirə olunub”, - deyə nəşr yazıb.
Məqalədə İranın səfiri Kazem Cəlalinin açıqlamasına da istinad edilir. Onun sözlərinə görə, Putinlə danışıqlar zamanı Tehran Cənubi Qafqazın təhlükəsizlik məsələlərinin xarici qüvvələrin müdaxiləsi və dövlətlərin suverenliyinin pozulması olmadan, region ölkələrinin iştirakı ilə həll edilməli olduğunu bildirib.
“Putinlə danışıqların açıqlanmış təfərrüatlarında “Tramp yolu”nun müzakirə edilməsi barədə birbaşa məlumat yoxdur. Lakin İranın son bəyanatlarından belə nəticəyə gəlmək olar ki, Tehran Zəngəzurda Amerikanın mövcudluğunun genişlənməsindən və bunun regional təhlükəsizlik üçün mümkün nəticələrindən narahatdır”, - deyə “1in.am” qeyd edib.
Nəşrin fikrincə, TRIPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi və siyasi təsir nisbətini dəyişə, Moskva və Tehranı regional hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.
Qəzet bildirir ki, Cənubi Qafqazın kommunikasiya xətləri yenidən geosiyasi rəqabətin əsas məsələlərindən birinə çevrilib.
“Region Avropa ilə Asiyanı birləşdirən mühüm qovşaqdır və onun ərazisindən keçən ticarət və enerji axınları Moskva ilə Tehran üçün strateji əhəmiyyət daşıyır. Bu kommunikasiyalar üzərində təsir Rusiyaya və İrana regiondakı iqtisadi mövqelərini gücləndirmək, siyasi rıçaqlarını qorumaq imkanı verir”, - deyə məqalədə vurğulanıb.
Nəşr Azərbaycan ərazisi vasitəsilə Rusiyadan İrana qaz tədarükü məsələsinin müzakirəsinə xüsusi diqqət yetirir.
“Moskva qaz ixracı imkanlarını genişləndirməyə, Tehran enerji əlaqələrini möhkəmləndirməyə, Bakı isə tranzit əhəmiyyətini artırmağa çalışır. Bu əməkdaşlıq Azərbaycana əlavə iqtisadi gəlirlər və Rusiya-İran münasibətlərində yeni siyasi təsir rıçaqları qazandıra bilər”, - deyə qəzet yazıb.
“1in.am” hesab edir ki, bu proseslər İrəvan üçün mühüm siyasi siqnaldır. Moskva, Tehran və Bakının ciddi fikir ayrılıqları olsa da, ortaq iqtisadi maraqlar ətrafında razılığa gəlməsi və əməkdaşlığı genişləndirməsi mümkündür.
“Bu razılaşmalar regionda iqtisadi asılılıqların və siyasi təsir nisbətinin dəyişməsinə səbəb ola bilər. Ermənistan xarici siyasətini bu reallıqların soyuqqanlı qiymətləndirilməsi əsasında qurmalıdır. Bununla yanaşı, rəsmi bəyanatlarda hər zaman əksini tapmayan maraqları və razılaşmaları da nəzərə almalıdır”, - deyə nəşr qeyd edib.
Məqalədə “Tramp yolu”nun Cənubi Qafqazda yeni reallıq yaratdığı bildirilir. Ermənistan ərazisindən beynəlxalq kommunikasiyaların açılması ABŞ investisiyalarını cəlb edə, regional ticarəti canlandıra və ölkənin nəqliyyat asılılığını azalda bilər.
“Layihənin strateji əhəmiyyəti daha genişdir. O, Ermənistana regional kommunikasiyalar sistemindəki mövqeyini gücləndirmək, iqtisadi əlaqələrini genişləndirmək və beynəlxalq münasibətlərdə öz çəkisini artırmaq imkanı verir”, - deyə “1in.am” yazıb.
Nəşr İranın Zəngəzurda Amerikanın uzunmüddətli mövcudluğunu öz təhlükəsizlik maraqlarına aid ciddi məsələ kimi qiymətləndirdiyini bildirir.
“ABŞ ilə onilliklərdir davam edən qarşıdurma Tehranın “Tramp yolu”na münasibətini böyük ölçüdə müəyyənləşdirir. Rusiya da regional kommunikasiyalar üzərində təsirinin zəifləməsindən narahatdır. Bu narahatlıqlar Moskva və Tehranın mövqelərini uzlaşdırmasına səbəb ola bilər”, - deyə məqalədə qeyd olunub.
Qəzet vurğulayır ki, Ermənistan üçün öz ərazisindən keçən kommunikasiyalar üzərində tam suverenliyin və yurisdiksiyanın qorunması prinsipial əhəmiyyət daşıyır.
“İranın təhlükəsizlik narahatlıqları, Rusiyanın təsirini qorumaq istəyi, Azərbaycanın regional planları və ABŞ-nin iqtisadi maraqları mürəkkəb maraqlar sistemi yaradır. İrəvan bu şəraitdə yollar üzərində nəzarəti, iqtisadi faydanı və qərarların müstəqil qəbulunu qoruyaraq öz gündəliyini irəli apara bilməlidir”, - deyə nəşr yazıb.
Məqalədə Ermənistanın İranla münasibətlərinin strateji əhəmiyyəti də xüsusi vurğulanır. Qəzet qeyd edir ki, İran Ermənistanın mühüm ticarət tərəfdaşlarından və xarici dünyaya çıxışını təmin edən həyati istiqamətlərdən biridir.
“Ermənistan-İran əməkdaşlığının dərinləşdirilməsi, “Şimal-Cənub” avtomobil yolunun tam tikintisi, sərhəd infrastrukturunun inkişafı və enerji əlaqələrinin genişləndirilməsi Ermənistanın iqtisadi və təhlükəsizlik maraqlarından birbaşa irəli gəlir. TRIPP-in uğurla həyata keçirilməsi üçün İranla davamlı dialoq, Tehranın təhlükəsizlik narahatlıqlarının nəzərə alınması və regionda sabitliyin möhkəmləndirilməsi vacibdir”, - deyə məqalədə qeyd olunub.
Nəşrin fikrincə, Ermənistan üçün əsas məsələ regional kommunikasiyaların vahid sisteminin formalaşdırılmasıdır.
“Zəngəzurdan keçən yollar İran, Gürcüstan, Türkiyə və Azərbaycan istiqamətindəki kommunikasiya xətləri ilə əlaqələndirilməlidir. Tranzit imkanları öz-özlüyündə iqtisadi inkişafı təmin etmir. Onlar investisiyalara, sənaye istehsalına, logistika xidmətlərinə və ixracın artımına çevrilməlidir. Ermənistanın məqsədi beynəlxalq ticarət axınlarından real iqtisadi dəyər yaratmaqdır”, - deyə qəzet vurğulayıb.
Məqalənin sonunda bildirilir ki, Moskva və Tehran Cənubi Qafqazın iqtisadi və təhlükəsizlik gələcəyini müzakirə edir, Vaşinqton regionda mövcudluğunu genişləndirir, Ankara və Bakı isə öz strateji planlarını irəli aparırlar.
“Bu maraqların mürəkkəb uzlaşması şəraitində Ermənistanın aydın gündəliyi və onu həyata keçirmək üçün siyasi iradəsi olmalıdır. Böyük dövlətlər arasındakı münasibətlər dəyişir, onların maraqları yenidən formalaşır. Ermənistanın siyasəti isə öz uzunmüddətli maraqlarına və müstəqil qərarlar qəbul etmək qabiliyyətinə əsaslanmalıdır”, - deyə “1in.am” yazıb.
Alpər Mövludoğlu Ordu.az