Rusiya Ukraynaya raket və PUA-larla kütləvi hücum edib, Kiyevdə yanğınlar baş verib, ölənlər var


Noyabrın 20-nə keçən gecə Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla zərbələr endirib, Kiyev bir neçə dəfə ballistik raketlərin hədəfi olub.
Ordu.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya PUA və raketlərlə kütləvi hücum edib. Gecə ərzində Kiyev bir neçə dəfə ballistik raketlərlə hədəfə alınıb. Strateji aviasiya təyyarələrindən qanadlı raketlərin buraxıldığı da məlum olub.
Saat 01:20-dən 04:19-dək Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi ilə bağlı altı dəfə xəbərdarlıq edib. Bundan sonra paytaxtda partlayış səsləri eşidilib.
Kiyev meri Vitali Kliçko daha sonra bildirib ki, Obolon rayonunda raket qalıqlarının düşməsi nəticəsində üçmərtəbəli binada yanğın başlayıb.
Onun sözlərinə görə, Qoloseyev rayonunda infrastruktur obyektinin ərazisinə zərbə qeydə alınıb. İlkin məlumatlara əsasən, orada ofis binasında yanğın baş verib. Bundan başqa, Podol rayonunda qeyri-yaşayış binasında da yanğın qeydə alınıb.
Kliçko bildirib ki, körpülərdən birinin yaxınlığındakı açıq əraziyə də zərbə endirilib.
Yerli sosial şəbəkə qrupları isə Rusiyanın Kiyevdə Darnitski, Podol, Cənub və Paton körpülərini hədəfə aldığını yazıb.
Ukraynanın digər bölgələrində də partlayış səsləri eşidilib. Xarkov şəhərinin Şevçenko rayonunda Rusiya PUA-sının hədəfi xəstəxana olub. Şəhər meri İqor Terexovun sözlərinə görə, zərbə nəticəsində dörd nəfər xəsarət alıb, 50-dən çox pəncərə sınıb.
Daha sonra Terexov Şevçenko rayonunda yaşayış kompleksinə də zərbə endirildiyini və hadisə yerində yanğın baş verdiyini bildirib.
Səhər saat 06:00-a olan məlumata görə, Ukraynanın qərb bölgələri də PUA hücumuna məruz qalıb. Yerli “Telegram” kanallarının məlumatına görə, Lvov şəhərində Rusiyaya məxsus “Geran” PUA-sının qalıqları çoxmərtəbəli yaşayış binalarının yaxınlığına səpələnib.
Sevinc Əliyeva Ordu.az