Bir şirkətdə çalışan 5 min nəfər bir gecədə milyonçu oldu – Sərvətin sirri nədir?


Süni intellekt dünyasında baş verən elə bir hadisə var ki, Silikon Vadisində çalışan minlərlə insanın həyatını bir gündə dəyişib. Məşhur Claude süni intellekt modelinin yaradıcısı Anthropic şirkətinin birjaya çıxması əməkdaşlarının böyük əksəriyyətini milyonçuya, yüzlərlə işçisini isə yüz milyonlarla dollar sərvətə sahib şəxslərə çevirib.
Şirkətin qurucusu və baş icraçı direktoru Dario Amodeinin rəhbərlik etdiyi Anthropic 19 noyabr 2026-cı ildə Nyu-Yorkun Nasdaq birjasında «ANT» kodu ilə ticarətə başlayıb. İlk ticarət gününün sonunda şirkətin bazar dəyəri 1,76 trilyon dollara çatıb.
Lakin bu hadisənin ən diqqətçəkən tərəfi şirkətin rekord qiymətləndirilməsi deyil. Əsl maraq doğuran məqam Anthropic-də çalışan adi əməkdaşların belə birja debütündən sonra necə böyük sərvətə sahib olmasıdır.
Tənzimləyici qurumlara təqdim edilən sənədlərə əsasən, Anthropic-in 2026-cı ilin sentyabrına təxminən 5 min 300 əməkdaşı olub.
Özəl şirkətlərin səhmlərini izləyən Hill platformasının məlumatına görə, səhmlərin ilkin satış qiyməti 83 dollar müəyyənləşdirildikdən sonra təxminən 600 əməkdaşın sahib olduğu səhmlərin dəyəri 100 milyon dolları keçib. Beləliklə, onlar «supermilyonçu» adlandırılan şəxslər sırasına daxil olublar.
Şirkətdə çalışan təxminən 2 min 800 nəfərin səhm portfelinin dəyəri 10 milyon dollardan çoxdur. Daha maraqlısı isə budur ki, ümumilikdə 5 min 100 əməkdaşın, yəni işçilərin 96 faizinin səhmləri ən azı 1 milyon dollar dəyərində qiymətləndirilir.
Başqa sözlə, şirkətin demək olar ki, bütün əməkdaşları bir neçə il ərzində milyonçuya çevrilib.
Şirkətə nə qədər tez qoşulmusansa, bir o qədər çox qazanmış ola bilərsən
Hill platformasının təsisçisi və rəhbəri Endryu Benson CNN-ə açıqlamasında Anthropic-də işçilərin şirkətdən ayrılma səviyyəsinin olduqca aşağı olduğunu bildirib.
Onun sözlərinə görə, burada ən təəccüblü məqam sərvətin bu qədər qısa müddətdə yaranmasıdır. Şirkətin sürətlə böyüməsi əməkdaşları iş yerlərini dəyişməkdən çəkindirib. Çünki onlar şirkətdən ayrılmağın gələcəkdə əldə edə biləcəkləri böyük qazancdan imtina etmək demək olduğunu anlayırdılar.
Silikon Vadisində startapların əməkdaşlarına maaşla yanaşı şirkət səhmləri verməsi adi təcrübədir. Bu üsulla işçilər gələcəkdə şirkət satılacağı və ya birjaya çıxacağı təqdirdə böyük gəlir əldə etmək imkanı qazanırlar.
Ancaq Anthropic-in inkişaf sürəti bu baxımdan da fərqlənib. 2021-ci ildə yaradılan şirkətin 2024-cü ilin sonunda əməkdaşlarının sayı hələ min nəfərə çatmamışdı.
Maraqlı məqamlardan biri də odur ki, şirkətdə vəzifə pilləsində yüksək mövqedə olmaq heç də daha çox pul qazanmaq demək deyil.
Endryu Bensonun sözlərinə görə, 2023 və ya 2024-cü ildə şirkətə qoşulmuş sıravi əməkdaş bu ilin əvvəlində işə başlayan yüksək vəzifəli rəhbərdən daha çox qazanc əldə etmiş ola bilər.
Yəni bu hekayədə əsas məsələ vəzifə deyil, şirkətə nə vaxt qoşulmağındır.
İlk gündən səhmləri pula çevirmək imkanı yaradıldı
Anthropic-in birjaya çıxışını fərqləndirən başqa bir məqam da əməkdaşların səhmlərini satmaq imkanı ilə bağlıdır.
Adətən şirkətlər birjaya çıxdıqdan sonra əməkdaşlarına səhmlərini dərhal satmağa icazə vermir. Bu müddət əksər hallarda üç-altı ay davam edir. Belə məhdudiyyət şirkət səhmlərinin kütləvi satışının qarşısını almaq məqsədi daşıyır.
Anthropic isə fərqli mexanizm tətbiq edib. Şirkətin təsisçi olmayan daxili investorları və əməkdaşları birjanın ilk günündən etibarən sahib olduqları səhmlərin 10 faizinə qədərini pula çevirə biliblər.
Bu imkandan neçə nəfərin yararlandığı hələlik məlum deyil.
Minlərlə yeni milyonçu San-Fransiskoda ev qiymətlərini də dəyişə bilər
Anthropic-in birja debütü yalnız şirkət əməkdaşlarının həyatına deyil, fəaliyyət göstərdiyi şəhərin iqtisadiyyatına da təsir göstərə bilər.
Şirkətin əməkdaşlarının böyük hissəsinin San-Fransiskoda cəmləşməsi diqqəti şəhərin daşınmaz əmlak bazarına yönəldir.
Minlərlə insanın qısa müddətdə milyonlarla dollarlıq sərvət əldə etməsi onsuz da bahalı olan mənzil bazarında tələbatı daha da artıra bilər.
Redfin platformasının məlumatına görə, San-Fransiskoda oktyabr ayında orta hesabla bir evin satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 19 faiz artaraq 1,7 milyon dollara çatıb.
ABŞ Milli Rieltorlar Assosiasiyasının məlumatına əsasən isə həmin dövrdə ölkə üzrə mənzillərin median qiyməti 416 min 700 dollar olub və ciddi dəyişiklik qeydə alınmayıb.
Beləliklə, Anthropic-in birjaya çıxışı sadəcə bir texnologiya şirkətinin uğur hekayəsi deyil. Bu hadisə bir neçə il əvvəl hələ kiçik startapda çalışan insanların necə nəhəng sərvət sahiblərinə çevrilə biləcəyini göstərir. İndi isə diqqət San-Fransiskoda yaranan bu yeni milyonçuların şəhərin iqtisadiyyatına, xüsusilə də mənzil bazarına necə təsir edəcəyinə yönəlib.
\\ Aydan Bünyatova, Editor.az
1 mənbə
