Ukraynada bu ölkələrin səfirlikləri VURULDU


Noyabrın 19-da Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində Niderland və Avstriyanın səfirlik binalarına ziyan dəyib. Hər iki ölkənin hökuməti hadisə zamanı xəsarət alanların olmadığını bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger Kiyevə hücumların intensivləşməsi ilə əlaqədar diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.
Niderlandın xarici işlər naziri Tom Berendsen isə mərmilərdən birinin səfirliyin arxasında yerləşən binaya düşdüyünü və nəticədə cüzi ziyan yarandığını açıqlayıb. “Bloomberg”in məlumatına görə, bununla əlaqədar Rusiya səfiri izahat vermək üçün nazirliyə çağırılıb.
Xatırladaq ki, noyabrın 17-də Niderlandın müdafiə şirkəti “Destinus” Ukraynanın Krım körpüsünə zərbə endirmək üçün “Ruta” qanadlı raketlərindən istifadə etdiyini açıqlayıb. Şirkətin məlumatına görə, hücumlar nəticəsində körpünün yuxarı dayaq konstruksiyası zədələnib, daha sonra isə aşırımlardan biri uçub. Ukrayna qüvvələrinin Rusiya hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün “LORD/Da Vinci” sistemlərindən də istifadə etdiyi bildirilib.
Bundan sonra Rusiyanın Niderlanddakı səfirliyi Moskvanın Haaqanı Ukraynadakı münaqişədə kənar tərəf hesab etməsinin getdikcə çətinləşdiyini bəyan edib. Səfirlik Niderlandın addımlarının münaqişədə iştirakını dərinləşdirdiyini və onun uzanmasına səbəb olduğunu iddia edib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha isə bildirib ki, həmin gün Kiyevə hücum zamanı Rusiya pilotsuz uçuş aparatının qalıqları Braziliya səfirliyinin ərazisinə düşüb. Onun sözlərinə görə, diplomatik nümayəndəliyin binasına ziyan dəyməyib və xəsarət alan olmayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, noyabrın 19-da Kiyevə endirilən zərbələr nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Yaşayış və qeyri-yaşayış binaları, eləcə də yanğınsöndürmə və xilasetmə bölməsi zərər görüb. Yanğın baş verən altımərtəbəli binadan biri yeniyetmə olmaqla iki nəfər xilas edilib. Hücum nəticəsində Müqəddəs Volodimir Katedralının və avtomobillərin şüşələri də zədələnib.
Rusiyanın Ukraynanın digər bölgələrinə hücumları da itkilərlə nəticələnib. Kiyev vilayətində dron hücumu nəticəsində 44 yaşlı qadın, Zaporojye vilayətinin Kuşuqum kəndində isə bir sakin həyatını itirib.
Xarkov vilayətinin İzyum şəhərində yaşayış binasına endirilən zərbə nəticəsində dördü uşaq olmaqla 21 nəfər, Xarkov şəhərində isə ikisi yeniyetmə olmaqla yeddi nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Nikopol rayonunun atəşə tutulması nəticəsində isə bir nəfər ölüb.
