Rusiyalı oliqarxın keçmiş həyat yoldaşından ŞOK TƏLƏB: 600 milyon...


Rusiyalı milyarder Vladimir Potaninin keçmiş həyat yoldaşı Natalya Potanina İngiltərədə boşanma ilə bağlı məhkəmə çəkişməsində 600 milyon funt sterlinq (təxminən 780 milyon dollar) təzminat tələb edir. Bu məbləğ ödənilərsə, Böyük Britaniya tarixində boşanma üzrə ən böyük maliyyə təzminatı ola bilər.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, 65 yaşlı Natalya Potaninanın iddiası üzrə London Ali Məhkəməsində 15 günlük proses başlayacaq. O, keçmiş həyat yoldaşının sərvətindən pay almağa çalışır. Hazırda Vladimir Potaninin sərvətinin təxminən 29,7 milyard dollar olduğu bildirilir. İş adamı dünyanın ən varlı şəxsləri siyahısında 79-cu yerdədir.
Məhkəmə onun sərvətindən pay almaq tələbini təmin etmədiyi halda, Natalya Potanina keçmiş ərindən “ağlabatan ehtiyaclarını” qarşılamaq üçün 600 milyon funt sterlinq tələb edir. Bu məbləğin 150 milyon funt sterlinqi Londonda yeni ev alınmasına, 441 milyon funt sterlinqi təmirə, qalan 10 milyon funt sterlinqi isə digər xərclərə nəzərdə tutulub.
İddia təmin olunarsa, bu məbləğ 2021-ci ildə Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun şahzadə Haya bint əl-Hüseynlə boşanması zamanı müəyyən edilmiş 554 milyon funt sterlinqlik rekord təzminatı da geridə qoyacaq.
Vladimir və Natalya Potanin 1983-cü ildə, hələ məktəbli olduqları vaxt tanış olublar. Cütlük evləndikdən sonra ilk illərdə maddi çətinliklərlə üzləşib və valideynlərinin mənzilində yaşayıb. Lakin 1990-cı illərdə Rusiyada özəlləşdirmə prosesindən sonra Vladimir Potanin ölkənin ən varlı iş adamlarından birinə çevrilib.
Cütlük 2014-cü ildə Rusiyada boşanıb. Natalya Potanina həmin vaxt məhkəmə qərarı ilə təxminən 30,9 milyon funt sterlinq aldığını iddia edir. Vladimir Potaninin hüquqşünasları isə ona ödənilən məbləğin bundan iki dəfədən çox olduğunu bildirirlər.
Həmin il Londonda daşınmaz əmlak alan Natalya investisiya vizası əldə edib. 2018-ci ildə isə əlavə maliyyə təzminatı almaq üçün hüquqi prosesə başlayıb. Mübahisə sonrakı illərdə İngiltərənin Ali Məhkəməsinə qədər gedib çatıb.
Hüquqşünasların fikrincə, işin əsas xüsusiyyətlərindən biri boşanmanın Rusiyada baş verməsinə və cütlüyün evlilik dövründə Böyük Britaniya ilə ciddi əlaqələrinin olmamasına baxmayaraq, maliyyə tələbinin illər sonra İngiltərə məhkəməsində qaldırılmasıdır.
İngiltərə qanunvericiliyində “ağlabatan ehtiyaclar” anlayışı yalnız qida, geyim və digər zəruri xərcləri əhatə etmir. Bu anlayışa həyat yoldaşlarının nikah dövründə alışdıqları həyat səviyyəsinin qorunması da daxil ola bilər. Buna görə də Natalya Potanina evlilik illərində dəbdəbəli həyat sürdüyünü və hazırkı gəlirlərinin həmin səviyyəni qorumağa imkan vermədiyini sübut etməlidir.
Məhkəmə prosesində tərəflər arasında xərclərin əsaslandırılması ilə bağlı ciddi mübahisələrin yaşanacağı gözlənilir. Vladimir Potaninin vəkillərinin keçmiş həyat yoldaşının təqdim etdiyi büdcəni və tələb olunan məbləğin əsaslılığını mübahisələndirəcəyi ehtimal olunur.
Qeyd edək ki, Vladimir Potanin Rusiyanın Prezidenti Vladimir Putinlə yaxın münasibətləri ilə də tanınır. Boşanmadan sonra yenidən ailə quran milyarderin hazırkı həyat yoldaşının ondan xeyli gənc olduğu bildirilir.
