Rusiya Ukraynadan sonra hansı ölkəyə hücum edə bilər? – AÇIQLAMA


"Avropanın mövqeyi nəzərə alınmadan müharibənin hazırkı vəziyyətdə başa çatacağını düşünmürəm. Müharibənin bu qədər uzanmasının əsas səbəblərindən biri Donald Tramp administrasiyasının siyasətidir. Xüsusilə, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa arasında fikir ayrılıqları yaranıb. Co Bayden administrasiyası dövründə vəziyyət belə deyildi. Vahid Qərb mövqeyi var idi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. Hər iki tərəfin öz arqumentləri var. ABŞ müharibənin başa çatmasına çalışır. Bunun bir neçə səbəbi var. Birincisi, Ukraynanın bərpası və yenidən qurulması prosesinə investisiya yatırmağa tələsir. İkincisi, Rusiya ilə iqtisadi münasibətləri genişləndirmək və bərpa etmək istəyir. Üçüncüsü, diqqətini Yaxın Şərqə və digər məsələlərə yönəltmək niyyətindədir. Avropa isə müharibənin davam etməsində maraqlı görünür. Bunun da bir neçə səbəbi var. Birincisi, Avropa hazırda Rusiyadan ucuz enerji almır və başa düşür ki, müharibə başa çatdıqdan sonra belə bir imkan yaranmaya bilər. Rusiya enerji resurslarını daha baha qiymətə təklif edə bilər. İkincisi, Avropa müharibə başa çatacağı təqdirdə Rusiyanın başqa bir Avropa ölkəsinə hücum edə biləcəyindən narahatdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov səsləndirib.
Qeyd edək ki, Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlar fonunda ABŞ və Avropa arasında fikir ayrılıqları yenidən diqqət mərkəzinə gəlib. Vaşinqtonun Moskva ilə diplomatik təmasları və müharibənin mümkün qədər tez başa çatdırılmasına yönələn siyasəti Avropa paytaxtlarında narahatlıq doğurur. Avropalı müşahidəçilər ABŞ Prezidenti Donald Trampın danışıqlarda nəticə əldə olunmayacağı təqdirdə Rusiyaya güzəştə gedə, hətta Ukraynaya dəstəyi azalda biləcəyindən ehtiyat edirlər. Digər tərəfdən, Avropa ölkələri Ukraynanın gələcəyi və qitənin təhlükəsizliyi ilə bağlı qərarların onların iştirakı olmadan qəbul edilməsini istəmir.
Siyasi şərhçi bildirib ki, Rusiyanın növbəti Avropa ölkəsinə hücum edə biləcəyi ehtimalı əsassız deyil.
"Mən də belə bir ehtimalın mövcud olduğuna inanıram. Rusiya hazırda müəyyən addımlar ataraq Qərbin reaksiyasını yoxlayır. Məsələn, Polşanı hədəf alır, sanki nəbz yoxlayır. Digər tərəfdən, müharibə başa çatarsa, Rusiya xalqı Vladimir Putin hakimiyyətinə qarşı çıxa bilər. Putin hakimiyyəti isə bunun qarşısını almaq üçün yeni müharibəyə başlaya bilər. Ukrayna müharibəsi başa çatdıqdan sonra belə bir ssenarinin reallaşması mümkündür. Avropa çalışır ki, Ukrayna vasitəsilə Rusiyanı tükəndirsin. Danışıqlar məsələsini gündəmə gətirib prosesi aktuallaşdırdığı bir vaxtda, digər tərəfdən Ukraynanı Rusiyaya qarşı silahlandırır. Belə bir vəziyyət yaranıb. Bu baxımdan hesab edirəm ki, Avropanın mövqeyi nəzərə alınmalıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, ABŞ və Avropa ortaq məxrəcə gəlməyi bacarmalıdır. Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün bu, əsas şərtdir. Bu olmadan müharibənin bitəcəyinə inanmıram. Ümumiyyətlə, müharibənin başa çatması üçün üç şərt var. Birincisi, Avropa və ABŞ ortaq məxrəcə gəlməlidir. Bundan sonra Rusiya və Ukrayna öz mövqelərini yaxınlaşdırmalıdır. Üçüncüsü isə müəyyən sayda neytral ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanın vasitəçilik məsələsi gündəmə gəlməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az