“YAŞAT kuboku” xeyriyyə intellektual yarışı keçirilib


“YAŞAT” Fondunun və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında “YAŞAT kuboku” xeyriyyə intellektual yarışı keçirilib.
Məqsəd şəhidlərimizin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dəstək üçün Fonda əlavə ianələrin cəlb edilməsi olub.
Turnirdə Fondu, Holdinqin şirkətlərini, digər qurumları təmsil edən əməkdaşlar və fərdi iştirakçılar olmaqla 200-dək şəxs 32 komandada bilik və bacarıqlarını sınayıb.
İştirakçılar 48 sual əsasında analitik düşüncə, çevik qərarvermə və komanda işi bacarıqlarını nümayiş etdiriblər. Yekunda ilk üç yeri tutan komandalara medallar və sertifikatlar təqdim edilib, qalib komanda isə xüsusi “YAŞAT kuboku” ilə təltif olunub.
Turnirdə komandaları ilə təmsil olunan şirkətlər tərəfindən ümumilikdə YAŞAT Fonduna 150 000 AZN məbləğində ianə edilib.