Rusiya nadir təyyarənin xüsusi topdan istifadə etdiyi görüntüləri yayıb


Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd aviasiyasının silahlanmasında olan “An-72P” patrul təyyarəsinin təlim atışları həyata keçirdiyi görüntülər yayımlanıb.
Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.
Rusiyanın 1980-ci illərdə hazırlanan “An-72P” patrul təyyarələrindən yenidən istifadə etməyə başladığı ehtimal olunur. Təyyarənin uçuş görüntüləri təbliğat xarakterli “Telegram” kanalında paylaşılıb.
Kadrlarda “An-72P” təyyarəsinin təlim atışları həyata keçirdiyi görünür. Təyyarə qanadlarının üzərində yerləşən mühərriklərinə görə “Çeburaşka” ləqəbi ilə də tanınan An-72 modelinin xüsusi modifikasiyasıdır.
“Militarnyi” nəşrinin yazdığına görə, “An-72P” Sovet İttifaqının “Antonov” konstruktor bürosu tərəfindən hazırlanmış An-72 hərbi-nəqliyyat təyyarəsinin xüsusi patrul modifikasiyasıdır. Bu təyyarə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının sifarişi ilə dəniz sərhədlərinin mühafizəsi və sərhəd pozucularına qarşı mübarizə məqsədilə yaradılıb.
1984-cü ildə ilk uçuşunu həyata keçirən “An-72P” baza nəqliyyat versiyasından fərqli olaraq, suüstü və yerüstü hədəfləri məhv etmək üçün silahlarla təchiz edilib.
Təyyarədə iki lüləli 23 millimetrlik QŞ-23L topu olan UPK-23-250 asma top konteyneri quraşdırıla bilər.
“Bundan əlavə, qanadaltı iki asqı nöqtəsində 64 ədəd idarəolunmayan S-5 aviasiya raketi olan UB-32M blokları yerləşdirilə bilər. Həmçinin 100 kiloqramlıq aviasiya bombalarından istifadə imkanı da nəzərdə tutulub”, - deyə nəşr yazıb.
Dəniz akvatoriyalarında patrul xidməti aparmaq üçün təyyarə müşahidə və aerofotoçəkiliş vasitələri ilə təchiz edilib. Bu avadanlıqlar dəniz sərhədlərinin pozulması hallarını aşkar etməyə və sənədləşdirməyə imkan verir.
Rusiya sərhəd aviasiyası “An-72P” təyyarələrindən, xüsusilə Uzaq Şərq akvatoriyalarında patrul xidməti üçün istifadə edib.
Qeyd edək ki, daha əvvəl hərbi müşahidəçi Vadim Kuşnikov rusların “İskəndər” raketlərini daim modernləşdirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu addım radioelektron mübarizə vasitələrinin davamlı təsiri şəraitində raketlərin dəqiqliyini artırmaq məqsədi daşıyır.
Sevinc Əliyeva Ordu.az
