Rusiya Kiyevdə üç körpüyə ballistik raketlərlə zərbə endirib, şəhərin iki sahili arasında hərəkət çətinləşib


Noyabrın 20-nə keçən gecə Kiyevdə üç körpü ballistik raket hücumları nəticəsində zədələnib, şəhər hakimiyyəti sakinlərə zərurət olmadıqca şəxsi avtomobillərlə yola çıxmamağı tövsiyə edib.
Ordu.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, Rusiya hərbçiləri noyabrın 20-nə keçən gecə paytaxtdakı Podol-Voskresensk, Darnitski və Cənub körpülərinə ballistik raketlərlə zərbə endirərək onlara ziyan vurublar.
Kliçko bildirib ki, paytaxta ballistik hücum nəticəsində Podol-Voskresensk körpü keçidində zədələnmələr qeydə alınıb. Hazırda körpüdə sağ sahildən sol sahilə doğru hərəkət dayandırılıb.
Onun sözlərinə görə, Darnitski körpüsünün zədələnmə dərəcəsini mütəxəssislər hava hücumu təhlükəsi başa çatdıqdan sonra qiymətləndirə biləcəklər.
Kiyev meri Cənub körpüsünün də yenidən hücuma məruz qaldığını bildirib. Hazırda orada hərəkət məhdudlaşdırılıb. Körpüdə yalnız sol sahildən sağ sahilə doğru avtomobillərin və ictimai nəqliyyatın hərəkətinə icazə verilir. Bu zaman avtomobillərin çəkisi 10 tondan, ictimai nəqliyyat vasitələrinin çəkisi isə 18 tondan çox olmamalıdır.
Paytaxtın sol və sağ sahilləri arasında hərəkətin çətinləşməsi ilə əlaqədar Kliçko sakinlərə zərurət olmadıqca şəxsi avtomobillərlə şəhərə çıxmamağı tövsiyə edib.
O, həmçinin məsafədən işləmək imkanı olan idarə və müəssisələrə əməkdaşları üçün distant iş qrafiki tətbiq etməyi xahiş edib.
Kiyev Şəhər Dövlət Administrasiyası səhər saat 07:13-də elektrik enerjisi sistemində gərginliyin olmaması səbəbindən Peçersk, Solomenski və Qoloseyev rayonlarının bəzi hissələrində trolleybusların hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Bundan başqa, Podol körpü keçidində sol sahil istiqamətində hərəkətin bağlanması səbəbindən 110, 111 və 112 nömrəli avtobusların marşrutları dəyişdirilib. Avtobusların hərəkəti Şimal körpüsü vasitəsilə təşkil olunub.
Xatırladaq ki, noyabrın 20-nə keçən gecə Rusiya Ukraynaya raket və PUA-larla kütləvi hücum edib. Təkcə Kiyevə ballistik raketlərlə yeddi hücum dalğası qeydə alınıb. Obolon və Qoloseyev rayonlarında yanğınlar baş verib. Xarkovda xəstəxana və yaşayış kompleksi zərər görüb, Lvovda da partlayış səsləri eşidilib.
Sevinc Əliyeva Ordu.az