Rusiya Ermənistandan artıq itirdiyi təsir imkanlarını tələb edir: İrəvan strateji infrastrukturunu Moskvadan asılı saxlamaqla suverenliyini zəiflədir


“Rusiya Cənubi Qafqazda əvvəlki üstünlüyünü itirsə də, qonşu dövlətlərlə münasibətlərini siyasi tabeçilik məntiqi əsasında qurmağa, onların xarici siyasət seçimlərinə və strateji qərarlarına nəzarət etməyə çalışır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, qarşıdakı yüksək səviyyəli Ermənistan-Rusiya görüşlərində ayrı-ayrı iqtisadi və praktiki məsələlərlə bağlı razılaşmalar əldə oluna bilər. Lakin münasibətlərdə əsaslı irəliləyiş gözləmək üçün ciddi əsaslar yoxdur.
“Rusiya Cənubi Qafqazda əvvəlki hökmranlığını itirib, lakin qonşu dövlətlərlə münasibətlərini siyasi tabeçilik məntiqi əsasında qurmağa davam edir. Moskva onların xarici siyasət seçimlərinə və strateji qərarlarına nəzarət etməyə çalışır”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, Ermənistan Rusiya ilə normal və proqnozlaşdırıla bilən münasibətlərdə maraqlıdır. Lakin Moskva bu münasibətlərə öz təsirini qorumaq prizmasından yanaşır.
“Ermənistanın Avropaya inteqrasiyası, yeni təhlükəsizlik tərəfdaşlıqlarının inkişafı və iqtisadi asılılıqların azaldılması Kremldə Rusiyanın mövqelərinin zəifləməsi kimi qəbul edilir. Bu yanaşma bərabərhüquqlu münasibətlərin formalaşmasına mane olur və Ermənistanın suveren qərarlarını daimi siyasi fikir ayrılığı predmetinə çevirir”, - deyə “1in.am” qeyd edib.
Nəşr hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin onilliklər ərzindəki təcrübəsi bu ittifaqın real dəyərini, eləcə də onun Ermənistan üçün siyasi, iqtisadi və təhlükəsizlik nəticələrini yenidən qiymətləndirməyə əsas verir.
Məqalədə bildirilir ki, Ermənistan Rusiya ilə strateji ittifaqdan uzun illər təhlükəsizlik və iqtisadi sabitlik gözləyib, bunun müqabilində isə həyati əhəmiyyətli infrastrukturlar üzərində nəzarəti tədricən güzəştə gedib.
“2002-ci ildə həyata keçirilən “Borcla əmlak” sazişi, qaz təchizatı sisteminin “Qazprom”un tam nəzarətinə keçməsi və 2008-ci ildə dəmir yolunun idarəçiliyinin Rusiya şirkətinə verilməsi Ermənistanın Moskvadan iqtisadi və siyasi asılılığını dərinləşdirdi. Bu gün həmin qərarların real qiyməti Ermənistanın müstəqil inkişaf imkanlarının məhdudlaşdırılmasında xüsusilə hiss olunur”, - deyə nəşr yazıb.
Qəzet Ermənistan dəmir yolunun idarəçiliyinin Rusiyaya verilməsini xüsusi diqqətəlayiq nümunə hesab edir.
“Rusiya Türkiyə və Azərbaycanla əlaqələri bağlı olan, tranzit imkanları isə son dərəcə məhdudlaşmış bir ölkənin dəmir yolu sisteminin idarəçiliyini öz üzərinə götürməklə hansı strateji marağı güdürdü? İqtisadi əsaslandırma və investisiya öhdəliklərindən başqa, Moskva Ermənistanın gələcək kommunikasiya imkanlarının inkişafına təsir göstərmək üçün mühüm rıçaq əldə etdi”, - deyə məqalədə qeyd olunub.
Nəşrin fikrincə, regional yolların açılması üçün real perspektivlərin yarandığı indiki mərhələdə həmin qərarın siyasi əhəmiyyəti daha aydın görünür. Ermənistan dəmir yolu beynəlxalq tranzit marşrutlarının mühüm hissəsinə çevrilə, ölkəyə yeni iqtisadi imkanlar və regionda daha böyük rol qazandıra bilər.
“Lakin bu strateji infrastrukturun idarəçiliyi hələ də Rusiya dövlət şirkətinin əlindədir. Bu isə Moskvaya Ermənistanın gələcək kommunikasiya sisteminin inkişafına və strateji əhəmiyyətli qərarlarına təsir göstərmək imkanı verir”, - deyə nəşr vurğulayıb.
Məqalədə qeyd olunur ki, Ermənistan dəmir yolları dövlət mülkiyyətində qalsa da, onların idarə edilməsi və istismarı hüququ Rusiya şirkətinə verilib.
“Belə çıxır ki, öz dəmir yolu sisteminin gələcəyini müəyyənləşdirərkən Ermənistan Rusiyanın maraqlarını və razılığını nəzərə almağa məcburdur. Hətta bu maraqlar ölkənin iqtisadi və strateji prioritetlərinə zidd olduğu hallarda belə”, - deyə “1in.am” yazıb.
Qəzet dəmir yolu problemini Ermənistan-Rusiya münasibətlərində formalaşmış asılılıq sisteminin ən aydın nümunələrindən biri hesab edir. Nəşrin fikrincə, onilliklər ərzində eyni siyasət energetika, təhlükəsizlik və xarici iqtisadi əlaqələr sahələrinə də yayılıb.
“Moskva Ermənistanın strateji asılılığını müttəfiqlik münasibətlərinin qorunması şərti kimi nəzərdən keçirib. Bu asılılığı azaltmaq cəhdlərinə isə siyasi təzyiqlərlə və mümkün iqtisadi nəticələr barədə xəbərdarlıqlarla cavab verib”, - deyə məqalədə bildirilib.
Nəşr Ermənistan-Rusiya strateji ittifaqının real dəyərinin Ermənistanın ən ağır sınaqlarla üzləşdiyi dövrlərdə üzə çıxdığını vurğulayır.
“Onilliklər ərzində mövcud olmuş siyasi, hərbi və iqtisadi asılılıq vəd edilən təhlükəsizliyi təmin etmədi. 2023-cü ildə Qarabağın tam şəkildə itirilməsi həmin sistemin uğursuzluğunun ən ağır sübutlarından birinə çevrildi. Bütün bunlardan sonra Ermənistan-Rusiya münasibətlərinin əvvəlki şərtlərlə qorunması ölkəni eyni asılılıqların daha da dərinləşməsi və təhlükəsizlik sahəsində artıq üzə çıxmış zəifliklərin davam etməsi riski ilə üz-üzə qoyur”, - deyə qəzet yazıb.
Məqalədə bildirilir ki, qarşıdakı Ermənistan-Rusiya görüşlərinin əsas mövzusu onilliklər ərzində formalaşmış münasibətlərin yenidən nəzərdən keçirilməsi olmalıdır.
“Ermənistan Rusiya ilə sabit və praktiki əməkdaşlıqda maraqlıdır. Lakin bu münasibətlərin əsasında ölkənin öz xarici siyasətini müstəqil müəyyənləşdirmək, iqtisadi əlaqələrini şaxələndirmək və regional kommunikasiyaları öz maraqlarına uyğun inkişaf etdirmək hüququnun tam tanınması dayanmalıdır”, - deyə nəşr qeyd edib.
“1in.am” yazır ki, Rusiyanın hazırkı rəhbərliyinin mövqeləri belə bir dəyişikliyə dair böyük gözləntilər yaratmır. Vladimir Putin, Sergey Lavrov və Dmitri Medvedev keçmiş sovet məkanında Rusiyanın təsirini qorumaq məntiqi ilə hərəkət etməkdə davam edirlər.
“Ermənistanın iqtisadi və təhlükəsizlik baxımından müstəqilliyinin genişlənməsi bu siyasət çərçivəsində Moskvanın mövqelərinin zəifləməsi kimi qəbul edilir. Bu yanaşma Ermənistan-Rusiya münasibətlərindəki ziddiyyətləri daha da dərinləşdirir”, - deyə məqalədə vurğulanıb.
Nəşrin qənaətinə görə, Ermənistanın qarşısında əvvəlki asılılıqları qorumaqla öz strateji imkanlarını genişləndirmək arasında seçim dayanır. Dəmir yolu, energetika, kommunikasiyalar və təhlükəsizlik sistemi dövlətin müstəqilliyi və iqtisadi inkişafı üçün fundamental əhəmiyyət daşıyan sahələrdir.
“Bu sahələrlə bağlı qərarlar Ermənistanın uzunmüddətli maraqlarından irəli gəlməli və xarici siyasi diktə olmadan qəbul edilməlidir. Qarşıdakı görüşlərin real dəyəri Moskvanın Ermənistanın suveren hüquqlarına münasibəti ilə müəyyən olunacaq. Rusiya ilə normal münasibətlərin inkişafı vacibdir, lakin Ermənistanın iqtisadi və təhlükəsizlik gələcəyi Kremli Cənubi Qafqazda əvvəlki hökmranlığını qorumaq cəhdlərindən asılı vəziyyətdə qala bilməz”, - deyə “1in.am” yazıb.
Alpər Mövludoğlu Ordu.az