Rus KİV-i: Ermənistan müxalifəti hakimiyyətə qarşı birləşir, ölkənin dövlətçiliyi siyasi qarşıdurmanın əsas mövzusuna çevrilir


“Ermənistanın dövlət sistemi tamamilə dağılma təhlükəsi ilə üz-üzədir və dövləti qorumaq istəyən siyasi qüvvələr birləşmək yolunu seçirlər”.
Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın NSN radiosu Ermənistan parlamentinin keçmiş deputatı, müxalifət nümayəndəsi Arman Abovyanla müsahibəsində yazıb.
Nəşrin məlumatına görə, Abovyan Ermənistan müxalifətinin birləşməsinin formal xarakter daşımadığını, ölkənin dövlətçiliyini qorumaq məqsədi daşıyan qəti siyasi birlik olduğunu bildirib. Onun sözlərinə görə, ölkə real məhvolma təhlükəsi ilə üz-üzədir.
Məqalədə qeyd olunur ki, Ermənistan müxalifəti Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətə qarşı mübarizə aparmaq üçün birləşdiyini elan edib. Siyasi qüvvələr görüş keçirərək “milli birlik” barədə birgə bəyanat imzalayıblar.
Abovyan prosesdə iştirak edən siyasi qüvvələrin niyə məhz indi birləşməyə ehtiyac duyduğunu izah edərkən Ermənistanın dövlət idarəetmə sisteminin zəiflədiyini iddia edib.
“Ermənistanın dövlət sistemi tamamilə dağılma vəziyyətindədir. Söhbət dövləti qorumaq üçün yaradılmış sistemdən gedir. Təbii ki, dövləti qorumaq istəyən siyasi qüvvələr birləşmək yolunu seçirlər. İstənilən sağlam düşüncəli insanın məqsədi ölkənin dağılmasının qarşısını almaqdır. Bu partiyalar da həmin məsələdə öz mövqelərini təsdiqləyiblər və aralarında fikir ayrılığı yoxdur”, - deyə Abovyan bildirib.
O, siyasi qüvvələrin əksəriyyətinin bir sıra fundamental məsələlərdə fikir ayrılıqlarına malik olduğunu, lakin ölkənin mövcudluğuna təhlükə yarandığı iddia edilən şəraitdə daxili siyasi ziddiyyətlərin ikinci plana keçdiyini söyləyib.
“Bunlar boş sözlər deyil. Bir məqamı nəzərə alın: Ermənistanın dörd böyük partiyası var və onlardan biri hakim partiyadır. Digər üç partiyanın rəhbərləri isə həbsdədir. Bu, görünməmiş haldır”, - deyə Abovyan vurğulayıb.
Abovyanın sözlərinə görə, Ermənistan müxalifətinin əsas vəzifəsi yalnız Paşinyan hökumətinə qarşı çıxmaq deyil, həm də onun xarici himayədarları hesab etdiyi qüvvələrə qarşı mübarizə aparmaqdır.
“Bu birlik “əleyhinə” deyil, “lehinə” yaradılıb. Biz yalnız Ermənistan Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstəririk. Bu isə birliyin hər hansı qanunsuz fəaliyyəti nəzərdə tutmadığı deməkdir. Eyni zamanda, bir məsələni başa düşməliyik: biz təkcə Paşinyana qarşı deyilik, ilk növbədə onun himayədarlarına, ABŞ-yə, Avropaya və digər qüvvələrə qarşıyıq”, - deyə Abovyan bildirib.
O, məsələnin qlobal xarakter daşıdığını iddia edərək Paşinyanın Ermənistanın dövlətçiliyini təkbaşına poza biləcək fiqur olmadığını söyləyib.
“Paşinyan ölkəmizin dövlətçiliyini təkbaşına poza biləcək şəxs deyil. Digər tərəflərin, məsələn, dəstək olmadan heç nə baş verə bilməz. Hazırkı hökumət müxtəlif güc mərkəzlərinin əlində marionetdir. Hakimiyyətdə qalmaq üçün həmin qüvvələrin bütün ‘istəklərini’ yerinə yetirmək məntiqi ilə hərəkət edir”, - deyə Abovyan iddia edib.
Alpər Mövludoğlu Ordu.az