Rocers: "Palmer İngiltərə millisində oynamağa can atır"


İngiltərə millisinin hücumçusu Morqan Rocers komanda yoldaşı, "Çelsi"nin oyunçusu Koul Palmerin yığmaya çağırılmaması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Rocers Palmerin İngiltərə millisində oynamaq istəmədiyi barədə deyilənləri əsassız adlandırıb:
"Bu, həqiqətə uyğun deyil. O, burada olmaq istəyir. Həmişə olduğu kimi, yığmaya çağırılmaq və ölkəsini təmsil etmək üçün can atıb. İnsanlar bu cür 'xəbərlərə' tez inanır və ən asan olanı danışırlar. Hamımız bilirik ki, ötən mövsüm onun üçün zədələr səbəbindən ağır keçib və bildiyimə görə, hələ də vəziyyətinə diqqət yetirməli olur. O, meydanda optimal formasından uzaq olduğunu hiss edirdi. Təbii ki, burada olmaq və ən yaxşı futbolunu göstərmək istəyir. Amma eyni zamanda, bədənini qorumağa məcburdur. Koul qarşıdakı 10-15 il futbol oynamağı planlaşdırır, buna görə də yükünü düzgün bölüşdürməlidir. Əgər uzunmüddətli məqsədlər üçün qısamüddətli məhdudiyyətlərə getmək lazımdırsa, bunu tam dəstəkləmək lazımdır. Bu, İngiltərə millisinə və ya burada oynamaq istəməməsinə aid deyil. Səmimi şəkildə ölkəsi üçün oynamaq istəyən futbolçunun sədaqətini şübhə altına almaq absurddur. Onun meydanda necə sevinclə və gülərüz oynadığını görmək kifayətdir – futbola olan sevgisi aydındır. Açığı, bu cür iddiaları başa düşmürəm, özü də anlamır. Hər halda, bu söz-söhbətlərlə üzləşməli olur, amma sizi əmin edə bilərəm ki, o, burada olmaq və ölkəsi üçün oynamaq arzusundadır".