“Trabzonspor” Rusiyada 3 qol buraxdı


“Trabzonspor” yığma fasiləsindən istifadə edərək gücünü hazırlıq oyununda sınayıb. Tomas Raysın təyinatından sonra yüksəlişə keçən və Türkiyə çempionatında ardıcıl 6 qələbə qazanaraq 2-ci pilləyə qədər irəliləyən Trabzon təmsilçisi Sankt-Peterburqda Rusiya çempionu “Zenit”in qonağı olub. “Trabzonspor” meydana əsas heyətlə çıxmayıb. Öz yığmalarının düşərgəsində olan futbolçular bu matçda iştirak etməyiblər. Salah, Muçi, Onuaçu, Onana kimi ulduzlardan məhrum olan “Trabzonspor” meydana, demək olar, ikinci heyət və gənc oyunçular ilə çıxıb.
Qaradənizlilərin start heyətində bu futbolçular yer alıb: Onuralp Çevikkan, Əmir Aslan, Cenk Özkaçar, Samet Akaydın, Murat Mərt Lakot, Mendi, Buşari, Yiğithan Çubukcu, Metehan Mimaroğlu, Ahmet Cəmil Gürən, Umut Nayır. Elə 2-ci hissənin gedişində də Rays əsasən gənc və tanınmamış isimləri meydana buraxıb. Ən maraqlısı odu ki, ilk baxışdan heç bir maraq doğurmayan, üstəlik tanınmış oyunçuların iştirak etmədiyi adi bir hazırlıq oyununu izləmək üçün “Qazprom Arena”ya 45089 azarkeş gəlib!
Bu, hazırlıq oyunları üçün stadionun yeni rekordudu. Əvvəlki rekord 2018-in noyabrında qeydə alınmışdı. Həmin vaxt “Zenit”in “Şalke-04” ilə yoxlama oyununa 41214 azarkeş gəlmişdi. Matçın özünə gəlincə, gözlənildiyi kimi, zəif heyətlə oynayan Türkiyə təmsilçisi rəqibə layiqincə müqavimət göstərə bilməyib. İdeala yaxın heyətlə oynayan “Zenit” 3:0 hesablı inamlı qələbə qazanıb. Qələbənin əsasını matçın əvvəllərində Felipe Auqusto qoyub. Yeri gəlmişkən, bu futbolçu ötən mövsümün qış dönəmində “Zenit”ə məhz elə “Trabzonspor”dan yollanmışdı. İkinci hissədə Ahmet Yıldırım avtoqol müəllifi olubsa, yekun nəticəni Sobolev müəyyənləşdirib.
Oyundan sonra “Matç TV” kanalına açıqlamalar verən “Trabzonspor”un təcrübəli müdafiəçisi Cenk Özkaçar rusiyalı və türkiyəli fanatları müqayisə edib:
“Əsas heyətlə oynamasaq da, bu gün stadionda həqiqətən əla atmosfer var idi. Çətin oyun alındı. Yerli fanatlar öz komandalarını yaxşı dəstəklədilər. Hazırlıq oyunu olduğu üçün fanatların dəstəyini tam ölçmək düzgün deyil. Amma məncə, Türkiyədə fanatlar daha gurultuludu”.
Rays isə qeyd edib ki, “Zenit” yaxşı komandadı və avrokuboklarda iştirak etsəydi, xeyli irəliləyə bilərdi.
“Trabzonspor” ötən yığma “pəncərəsində”, daha dəqiq desək, oktyabrın 1-də də yoxlama oyununda qüvvəsini sınamışdı. O vaxt komanda yenə Salahsız, amma indikindən daha güclü heyətlə oynamasına baxmayaraq, evdə İrlandiya təmsilçisi “Droheda”ya 0:1 uduzmuşdu.
