Ramiz Məmmədov: Futbolçularımızda boğulma var idi, nəfəsləri çatmırdı


“Futbolçularımızda boğulma var idi, nəfəsləri çatmırdı”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan I Liqasında çıxış edən “Karvan-Yevlax” klubunun baş məşqçisi Ramiz Məmmədov VII turda “Xankəndi” ilə matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis yaxşı mübarizə göstərdiklərini bildirib:
“Hamınızın axşamı xeyir olsun. Xankəndidə uzun müddətdir futbol oynanılmırdı. Allaha şükür ki, şəhər yenidən qurulduqdan sonra burada futbol oynamaq bizə də nəsib oldu. Buna görə dövlətimizə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu şəraiti yaradan, burada əməyi və zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Hiss edirəm ki, bu, təkcə bizim üçün deyil, “Xankəndi” klubu və ümumilikdə Azərbaycan futbolu üçün də bir bayram, uğurdur. Sevincliyik. Futbolçularımıza təşəkkürümüzü bildirdik. Verdiyimiz tapşırıqları demək olar ki, layiqincə yerinə yetirdilər. Əvəzlənərək meydana çıxan və oyundan çıxan futbolçulara da minnətdarlığımı bildirirəm. Onlar da tapşırıqları dəqiq icra etdilər. “Xankəndi”yə və bütün Azərbaycan futbol klublarına gələcək oyunlarda uğurlar arzulayıram”.
Baş məşqçi komandanın gec formalaşmasına da münasibət bildirib:
“Klub rəhbərliyinə təşəkkür edirik. Düzdür, komandamızı bir qədər gec formalaşdırdıq. “Səbail” və MOİK-lə müqayisədə hazırlığa gec başladıq. Buna baxmayaraq, yığdığımız futbolçuların demək olar ki, hamısından razıyıq. Onlar yüksək liqaya yüksəlmək üçün verdiyimiz tapşırıqları intizamla yerinə yetirirlər.
Məmmədov stadionun ot örtüyünün süni olmasını bəhanə gətirməyib:
“Xeyr, bu, bizim üçün bəhanə deyil. Bizim də meydanımız süni örtüklü idi. Sadəcə, futbolçularımızda boğulma hissi yaranırdı. Mən belə başa düşürəm ki, Xankəndi bir qədər yüksəklikdə yerləşir və havanın da təsiri var. Mənə elə gəlir ki, futbolçularımız özlərini tam göstərə bilmədilər, nəfəs almaqda çətinlik çəkirdilər. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Bəli, çətin olacaq. Futbolçularımızda boğulma var idi, nəfəsləri çatmırdı.
Mütəxəssis həmçinin Premyer Liqaya yüksəlmək uğrunda mübarizə apardıqlarını bildirib:
“Rəhbərlik hər zaman yanımızda və arxamızdadır. Ehtiyac yaranarsa, oyunçu ehtiyatımız da var. Yüksək liqaya yüksəlmək üçün nə lazımdırsa, klub rəhbərliyi ilə birlikdə etməyə hazırıq. Hələlik isə əlavə futbolçulara ehtiyac duymuruq. Bir daha bütün oyunçularımıza minnətdarlığımı bildirirəm”.
1 mənbə
