İran müharibəsi Körfəz ölkələrinin idman planlarını pozdu


Yaxın Şərqdə davam edən müharibə Körfəz ölkələrinin beynəlxalq idman tədbirlərinə ev sahibliyi planlarına ciddi təsir göstərib. Bir sıra yarış və turnirlər təxirə salınıb, bəziləri isə başqa ölkələrə köçürülüb.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan tennis turnirlərinə, Asiya Kubokuna və digər böyük idman tədbirlərinə təsir edib.
2027-ci il Dakar rallisi Səudiyyə Ərəbistanından Portuqaliya və Mərakeşə köçürülüb. 2029-cu il Asiya Qış Oyunlarının isə Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.
Bununla belə, mövsümün son iki Formula 1 yarışı – noyabrın 29-da Qətərdə və dekabrın 6-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan mərhələlər hələ də təqvimdə saxlanılır.
Ekspertlər hesab edirlər ki, müharibə regionun beynəlxalq idman mərkəzi kimi formalaşdırdığı imicə ciddi zərbə vurub.
