Qusar şəhər stadionu bir ilə hazır olmayacaq - RƏSMİ


Qusar şəhər stadionunun yenidən qurulması ilə bağlı layihələndirmə işləri başa çatmaq üzrədir.
Bu barədə Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev Sportify.az-a müsahibəsində məlumat verib.
O bildirib ki, stadionla bağlı Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə müzakirələr aparılıb:
“Bu günlərdə, hətta dünən də nazirliyin nümayəndəsi ilə söhbətimiz olub. Bildiyim qədərilə, layihələndirmə mərhələsi başa çatmaq üzrədir. Ümid edirəm ki, məsələ yaxın illərdə həllini tapacaq. Düşünmürəm ki, stadionun tikintisi bir il ərzində yekunlaşsın. Amma yaxın bir neçə ildə bu problemin həll olunacağını gözləyirəm”.
Piriyev “Şahdağ Qusar”ın Premyer Liqaya yüksələcəyi təqdirdə Qusarda oynamaq imkanından da danışıb. O, klubun rayonda məskunlaşmaq və baza tikmək planlarının olduğunu bildirib:
“Görək də… Situasiyaya uyğun həll ediləcək. Klubun orada müəyyən planları var. Baza tikintisi nəzərdə tutulub və bunun üçün ərazi ayrılıb. İcra hakimiyyəti də dəstək göstərir. Ümumiyyətlə, klubun Qusarda məskunlaşmaq planları var. Amma bunun üçün ilk növbədə stadion məsələsi həll olunmalıdır”.
FİF-in icraçı direktoru stadionun Gənclər və İdman Nazirliyinin balansında olduğunu xatırladaraq tikinti ilə bağlı müsbət gözləntilərini bölüşüb:
“Bizə verilən məlumata əsasən, müvafiq təsdiqlər var və yaxın zamanda stadionun tikintisinə başlanılması gözlənilir”.
Qeyd edək ki, hazırda “Şahdağ Qusar” I Liqanın 8 turundan sonra 19 xalla liderdir.
