Quru ərik orqanizm üçün faydalıdır: Endokrinoloq gündəlik istifadə normasını açıqlayıb


19.11.2026 - 10:58
Quru ərik həzm sisteminin fəaliyyətini dəstəkləyir, toxluq hissini daha uzun müddət qorumağa kömək edir və orqanizmi kaliumla təmin edir. Bununla belə, tərkibində təbii şəkər və kalori miqdarı yüksək olduğundan onun həddindən artıq istehlakı tövsiyə edilmir.
Editor.az xəbər verir ki, bu barədə Rusiyanın endokrinoloqu Natalya Çadina açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, quru ərik liflə zəngindir. Bu isə bağırsaqların fəaliyyətinin tənzimlənməsinə və həzmin yaxşılaşmasına kömək edir. Lakin məhsulun normadan artıq qəbulu köp, qarında narahatlıq və ishala səbəb ola bilər.
Quru ərikin əsas üstünlüklərindən biri də yüksək kalium tərkibidir. Bu mineral əzələ və sinir sisteminin normal fəaliyyəti, ürək ritminin qorunması və arterial təzyiqin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bundan başqa, quru ərikdə görmə qabiliyyətinin, dərinin və selikli qişaların sağlamlığının qorunmasında iştirak edən karotinoidlər də mövcuddur. Bununla belə, onun immuniteti sürətlə gücləndirməsi və orqanizmi cavanlaşdırması ilə bağlı iddialar şişirdilmiş hesab olunur.
Mütəxəssis quru ərikin dəmir çatışmazlığı anemiyasının müalicəsində effektiv vasitə olmadığını da vurğulayıb. Onun tərkibindəki dəmirin miqdarı azdır və orqanizm tərəfindən mənimsənilməsi ət məhsullarındakı dəmirlə müqayisədə daha zəifdir.
Endokrinoloq sağlam yetkin insanlar üçün gündəlik 30–40 qram, yəni ölçüsündən asılı olaraq təxminən 4–6 ədəd quru ərik istehlakını məqbul hesab edir. Məhsulu sıyığa, kəsmiyə və ya təbii yoqurta əlavə etmək mümkündür.
Həkim həmçinin quru ərikdən istifadə etməzdən əvvəl onun yaxşı yuyulmasını, əlavə şəkərsiz və kif əlamətləri olmayan məhsulların seçilməsini tövsiyə edib.
//Gülnarə Abasova, Editor.az
1 mənbə