Qışda üzmək ölümə səbəb ola bilər - Həkimdən XƏBƏRDARLIQ


Hazırlıqsız insanların qış aylarında buzlu suda üzməsi ciddi sağlamlıq fəsadlarına, hətta ölümə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, terapevt və ailə həkimi Anastasiya Samoylova bu barədə “KP.RU”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, buzlu suya girmək orqanizmdə güclü stress reaksiyası yaradır. Bu zaman adrenalin, endorfin və dopamin ifraz olunur ki, nəticədə insanda eyforiya, enerji artımı və özünəinam hissi yarana bilər. Lakin həkim vurğulayıb ki, qış üzgüçülüyü qrip və kəskin respirator infeksiyalardan qorunmağa zəmanət vermir.
Samoylova xəbərdarlıq edib ki, soyuq suya qəfil daxil olmaq qan damarlarının spazmına və ürəyin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Bu isə xüsusilə ürəyin işemik xəstəliyi və hipertoniyadan əziyyət çəkən insanlarda infarkt və insult riskini artırır.
Həkim əlavə edib ki, hipotermiya pnevmoniya, tonzillit, pielonefrit və digər sidik yolları xəstəliklərinin kəskinləşməsinə də yol aça bilər.
Murad İsmayıl
