Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”


Ədliyyə Nazirliyində 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Nazirliyin rəhbərliyi, struktur qurumların nümayəndələri və ədliyyə orqanlarında xidmət edən əməkdaşlar iştirak ediblər.
Mərasimdən öncə Nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı önünə gül dəstələri qoyulub.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilib, məzarları önünə tər güllər düzülüb.
Nazirliyin inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə tədbir açıq elan edilib.
Ədliyyə naziri Fərid Əhmədov tədbirdə çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışda ədliyyə sisteminin inkişafı, hüquq sahəsində aparılan institusional və rəqəmsal yeniliklər, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə diqqət yetirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılmasına geniş imkanlar yaradıb.
Mərasimin sonunda xidməti fəaliyyətində fərqlənən və vəzifə öhdəliklərini layiqincə yerinə yetirən bir qrup əməkdaş ədliyyə nazirinin müvafiq əmri ilə “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, döş nişanları, fəxri fərman və təşəkkürlərlə təltif olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
