Qışda sağlam qalmağın sirri: Bu səhvləri etməyin!


“Axşam yeməyini mütləq yatmazdan 3-4 saat öncə bitirmək lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Ekspert qarşıdan gələn qış mövsümündə vətəndaşların sağlamlığı üçün əməl etməli olduğu vacib nüansları açıqlayıb. O qeyd edib ki, ilk növbədə yuxu rejiminə ciddi diqqət yetirilməlidir:
“Havaların soyuması maddələr mübadiləsində və hormonal balandakı dəyişikliklərlə yanaşı, insanların əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Belə olan halda bəzən insanlar özlərini depressiv və enerjisiz hiss edirlər. Nəticədə həm həyat, həm də iş qabiliyyəti aşağı düşür. Xoşbəxtlik hormonunu təmin edən əsas amillərdən biri məhz düzgün yuxu rejimidir. Gecə saat 23:00-dan 00:00-a qədər yatılan 7-8 saatlıq yuxu ən idealıdır. Yaxşı olar ki, yuxudan oyandıqdan ən azı 15 dəqiqə sonra yataqdan qalxsınlar. Çünki kortizol hormonu oyanandan dərhal sonra aktivləşməyə başlayır və yataqda 20 dəqiqədən artıq uzanıqlı qalmaq qan dövranının yavaşımasına, gümrahlığın azalmasına, gün ərzində isə yorğunluq və yuxululuq hissiyatına səbəb olur”.
Digər vacib məqam isə səhər yeməyidir: “Səhər yeməyində yumurta, süd və süd məhsulları (pendir, qaymaq, xama) kimi protein tərkibli qidalara üstünlük verilməlidir. Mövsümi meyvə-tərəvəzlər günün hər qida qəbulunda yer almalıdır. Xüsusilə lifli tərəvəzlər bağırsaqların hərəkətliliyini tənzimləyir. Bağırsağın mikroflorası sağlam olarsa, immunitet də güclənir. C vitamini ilə zəngin sitrus meyvələri də qış mövsümündə qidalanmanın əsas hissəsi olmalıdır. Unutmamək lazımdır ki, havalar sərinləşdikcə əksər insanlar su içməyi azaldırlar, bu isə öz növbəsində bir çox fəsadlar doğurur”.
Ekspert qeyd edib ki, qış aylarında da kifayət qədər su qəbul etmək vacibdir: “İnsan orqanizminin 60%-ni su təşkil edir və bütün həyati proseslər suyun hesabına baş verir. Lazımi miqdarda su içmədikdə orqanizmdə susuzlaşma (dehidrasiya) baş verir ki, bu da daxili orqanların funksiyasını pozur və erkən qocalmaya səbəb olur. Axşam yeməkləri yuxudan 3-4 saat əvvəl bitirilməlidir. Gec saatlarda yeyilən ağır yeməklər həzm olunmur, gecə narahatlığına və səhər yorğunluğuna gətirib çıxarır.
Bundan əlavə, rasiona Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin qidalar – balıq, dəniz məhsulları, qırmızı ət və quş əti daxil edilməlidir. Gündə bir ovuc çərəz (qoz, fındıq, badam, fıstıq) yemək də immuniteti gücləndirir.
Havaların soyuq olmasına baxmayaraq, vaxtımızı yalnız qapalı məkanlarda keçirməməliyik. Səhər və axşam təmiz havada olmaq, həmçinin gündə ən azı yarım saatlıq yürüyüş etmək sağlamlığın əsas şərtləridir. Yorğunluğu aradan qaldırmaq üçün isə çökə, nanə dəmləmələrindən, eləcə də evdə nanə, limon, zəncəfil və bal ilə hazırlanan təbii içkilərdən istifadə etmək həm immuniteti qoruyacaq, həm də gün ərzində gümrah olmağınıza kömək edəcək”.
Nurlan Cəfəri