Qışda pomidor-xiyar yeyənlərə pis xəbər — Açıqlama


Qış aylarında yerli tərəvəzlərə tələbatın artması istixanalarda yetişdirilən məhsulların istehlakını da gündəmə gətirir. Pomidor, xiyar və digər tərəvəzlər mövsümdən asılı olmayaraq süfrələrdə yer alsa da, onların yetişdirilməsi zamanı istifadə olunan kimyəvi maddələr və gübrələr sağlamlıqla bağlı suallar yaradır.
Bəs istixana şəraitində yetişdirilən tərəvəzlər insan sağlamlığı üçün təhlükə yarada bilərmi? Bu məhsulları alarkən və istehlak edərkən nələrə diqqət edilməlidir?
Qida eksperti Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, istixanalarda havalar soyuduqca pomidor, xiyar və digər tərəvəzlərin əkilib-becərilməsi tamamilə təbii və normal prosesdir.
Onun sözlərinə görə, burada əsas məsələ həmin məhsulların yetişdirilməsi zamanı istifadə olunan herbisid və pestisidlərdir:
"Təəssüf ki, bəzi fermerlər dərmanlama zamanı müəyyən edilmiş norma və dozaları aşırlar. Bu isə yetişdirilən tərəvəzlərdə kimyəvi maddə qalıqlarının normadan artıq olmasına və nəticədə istehlakçıların sağlamlığı üçün risklərin yaranmasına səbəb ola bilər. Pestisidlərdən istifadə zamanı onların hansı miqdarda və hansı qaydada tətbiq olunması mütləq nəzərə alınmalıdır. Herbisidlər də eyni qaydada, alaq otlarına və digər zərərvericilərə qarşı istifadə olunur. Bu vasitələr bitkiləri xəstəliklərdən və zərərvericilərdən qorumaq üçün nəzərdə tutulsa da, normadan artıq tətbiq edilməsi ciddi problemlər yarada bilər.
Bəzən fermerlər məhsulu zərərvericilərdən daha yaxşı qorumaq və məhsuldarlığı artırmaq məqsədilə dərmanların miqdarını normadan artıq istifadə edirlər. Lakin bu, əksinə, məhsulun keyfiyyətinə və qida təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Belə hallarda məhsulda kimyəvi maddələrin qalıq miqdarı arta, nitrat səviyyəsi yüksələ bilər. Bu isə həmin tərəvəzləri istehlak edən insanların sağlamlığı üçün müəyyən risklər yaradır.
Düşünürəm ki, fermerlərin bu istiqamətdə maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir. Əlbəttə, bunu bütün fermerlərə aid etmək olmaz, lakin bu sahədə məlumatlılığın artırılmasına ehtiyac var. Fermerlər bazara çıxaracaqları pomidor, xiyar və digər tərəvəzləri dərmanlayarkən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq tövsiyələrinə və müəyyən edilmiş normalara əməl etməlidirlər. Eyni zamanda, bu məsələlərlə bağlı AQTA-dan da məlumat və müvafiq tövsiyələr əldə edə bilərlər.
Əsas məsələ istifadə olunan preparatların növünə, miqdarına və tətbiq qaydalarına düzgün əməl edilməsidir. Çünki dərmanlama zamanı doza həddinin aşılması nə məhsulun keyfiyyəti, nə də insanların sağlamlığı baxımından məqbul hesab edilə bilər".