QHT-lərə 70 min manatadək qrant veriləcək - ŞƏRTLƏR


QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir.
Operativ Media xəbər verir ki, bu barədə QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva məlumat verib.
Onun sözlərinə görə, müsabiqələrə müraciət üçün son tarix 2026-cı il dekabrın 20-dir.
Ü.Qarayeva bildirib ki, bu dəfə layihələrdə innovativlik, problemlərə yeni və ya daha təkmil həllərin təklif olunması, müvafiq tərəfdaşlar, sahəvi qurumlar və sosial media ilə əməkdaşlıq, eləcə də strateji dövlət sənədlərinin hədəflərinə töhfə verən ölçülə bilən nəticələr xüsusi diqqətdə saxlanılacaq.
Qeyd olunub ki, kiçik qrant müsabiqəsi üzrə qrant məbləğinin yuxarı həddi 30 min manat, layihələrin icra müddəti isə 6 ayadək olacaq. Böyük qrant müsabiqəsi üzrə isə bu məbləğ 70 min manat, icra müddəti 9 ayadək müəyyən edilib.
Ü.Qarayevanın sözlərinə görə, Agentliyin müstəqil şəkildə elan etdiyi 2027-ci il müsabiqələri 5 istiqaməti əhatə edəcək. Bunlar azərbaycançılıq, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar sahədə təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi, sağlam və təhlükəsiz cəmiyyətin təşviqi, həmçinin sərbəst istiqamətdə beynəlxalq əhəmiyyətli təşəbbüslərdir.
QHT-lər layihə təkliflərini Agentliyin elektron xidmətlər portalının “e-ərizə” bölməsi vasitəsilə təqdim edə biləcəklər. Müvafiq bölmə noyabrın 20-dən dekabrın 20-dək aktiv olacaq.
Bildirilib ki, şəxsən, poçt və ya elektron poçt vasitəsilə təqdim edilən layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.
