Qərbi Azərbaycanın Şahmurad məbədi: tarixi irsin yox olmaq təhlükəsi


Bakı, 19 noyabr, AZƏRTAC
Qərbi Azərbaycanın (indiki Ermənistan) ərazisində yerləşən Şahmurad (Şxmurad) məbəd kompleksi ciddi dağılma təhlükəsi ilə üz-üzədir. Orta əsr memarlığının diqqətəlayiq nümunələrindən olan bu abidə dini-memarlıq irsinin, tarixi yaşayış məkanlarının və bölgənin mədəni əlaqələrinin öyrənilməsi baxımından mühüm tədqiqat obyektidir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. O bildirib ki, abidənin memarlıq xüsusiyyətlərinin təhlili onun Alban memarlığı üslubunda inşa olunduğunu ehtimal etməyə əsas verir. Bu baxımdan tikilinin XII-XIII əsrlərdə, Səlcuqların hakimiyyəti dövründə Səlcuq əmirlərindən biri tərəfindən inşa edildiyi ehtimal olunur. Bununla belə, abidənin konkret kim tərəfindən tikildiyini müəyyənləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Şahmurad məbədi Tavuş bölgəsində, Varagacur (Haxum) çayının sol sahilindən təxminən 6-7 kilometr cənub-qərbdə yerləşir. Meşəlik və dağlıq ərazidə, təbii relyefin yaratdığı müdafiə imkanlarına malik sahədə inşa edilən abidə ayrı-ayrı tikililərdən ibarət vahid memarlıq ansamblıdır. Kompleksin əsas hissələrini kilsə, qərb vestibülü, cənub vestibülü və sovmə təşkil edir. Kilsə kompleksin əsas ibadət binasıdır. Bu tikilinin Ermənistan mənbələrində “Müqəddəs Məryəm Ana” (Surp Astvatsatsin) kilsəsi kimi təqdim edilməsi elmi əsaslandırma tələb edir. Kilsənin qərb tərəfinə birləşdirilmiş vestibül giriş və toplaşma məkanı funksiyasını daşıyıb. Tədqiqatçı qeyd edir ki, bu hissənin “jamatun” adlandırılması ilə bağlı terminoloji məsələlərə diqqətlə yanaşılmalıdır. Belə ki, jamatun və gavit yaxın memarlıq anlayışları olsa da, onların bütün vestibüllərin sinonimi kimi işlədilməsi düzgün deyil. Cənub vestibülü və ya narteks kilsənin cənub hissəsinə əlavə edilmiş memarlıq quruluşudur. Kompleksin digər hissəsi olan sovmə isə daha kiçik ölçülü, ayrıca dini təyinatlı tikilidir. Alimin ilkin dilçilik təhlilinə əsasən, sovmənin Ermənistan mənbələrində “Xoranik” adlandırılması da ayrıca araşdırılmalıdır. Onun qənaətinə görə, “Xoranik” sözü erməni dilində “xoran” (mehrab, altar) kökündən və kiçiltmə mənası bildirən “-ik” şəkilçisindən yaranıb. Bu baxımdan adın mənşəyinin və tarixi kontekstinin elmi şəkildə araşdırılması vacibdir.
Kompleksin ətrafında vaxtilə müdafiə və sərhədləndirmə funksiyası daşıyan daş hasar, rahiblərin yaşayış otaqları və yardımçı təsərrüfat tikililəri mövcud olub. Hazırda həmin tikililərin böyük hissəsi dağılıb, ərazi xarabalıq vəziyyətinə düşüb.
Kompleksin divarlarında və ərazisində mövcud olmuş kitabələr onun tarixinin araşdırılması üçün əsas mənbələrdən hesab olunur. Kitabələrin bir qisminin silinməsi, digərlərinin isə erməni dilində yazılarla əvəzlənməsi abidənin ilkin tarixi görünüşünün müəyyənləşdirilməsini çətinləşdirir. Bu baxımdan Ermənistan mediasında yayımlanan məlumatlarda da ziddiyyətli məqamlar müşahidə olunur. Belə ki, Ermənistanın “Tavuş Media” nəşrinin araşdırmasına əsasən, kompleksdə ümumilikdə 16 kitabə qeydə alınıb. Həmin kitabələrin bir qismi sonradan yazılıb. İlkin kitabələr ya abidənin divarlarından çıxarılaraq başqa yerə aparılıb, ya da silinərək yeni yazılarla əvəzlənib. Bu məsələnin dəqiq müəyyənləşdirilməsi üçün kitabələrin orijinal mətnlərinin və paleoqrafik xüsusiyyətlərinin araşdırılması vacibdir. Mənbədə kitabələrdən birinin 1619-cu ilə aid olduğu göstərilir. Bu tarix monastırın həmin dövrdə dini-mədəni fəaliyyətini davam etdirdiyini ehtimal etməyə əsas verir. Bununla belə, digər divar yazıları ilə bağlı məlumatlar həmin kitabənin tarixinin və məzmununun əlavə araşdırılmasını zəruri edir.
Quruluşuna görə orta əsr xristian dini tikililərinə xas xaçvari-mərkəzləşdirilmiş kompozisiyaya malikdir. Düzbucaqlı həcmli tikilinin daxili məkanı xaçvari plan əsasında qurulub və günbəzlə tamamlanıb. Kilsədə əsas altar və dörd kiçik altar mövcuddur. Əsas altarın hər iki tərəfində ikimərtəbəli yan otaqlar yerləşir. Tikilinin qərb və cənub tərəflərində giriş qapıları var. Kilsənin günbəzi silindrik baraban üzərində qurulub. Bu konstruksiya daxili məkanın şaquli istiqamətdə inkişafını təmin etməklə yanaşı, dini tikilinin mərkəzi hissəsini memarlıq baxımından vurğulayır. Əsas kilsənin inşasında boz çalarlı felsit daşından istifadə olunub. Daşların yonularaq işlənməsi divar səthlərinin səliqəli və davamlı qurulmasına imkan yaradıb.
Qərb vestibülü kompleksin diqqətçəkən memarlıq hissələrindəndir. Kvadrat planlı bu tikilinin daxili örtük sistemi səkkizguşəli sütunlar və kəsişən tağlar üzərində qurulub. Xarici görünüşündə dekorativ zənginlikdən daha çox konstruktiv sadəlik və həcm-məkan bütövlüyü üstünlük təşkil edir. Vestibül ibadətə gələnlərin toplaşması, dini mərasimlərin və monastırdaxili ictimai fəaliyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Tikilinin şərq fasadında yerləşən iki dekorativ taxça xüsusi diqqət çəkir. Taxçaların tağ hissələrində daş üzərində oyma naxışlar, pəncərə çərçivələrində və altar hissəsinin yuxarı elementlərində isə dekorativ daş işləmələri mövcuddur. Məbədin divarlarında orta əsrlərə aid epiqrafik yazıların olması da tikilinin inşa və təmir tarixinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənub vestibülü daha sadə memarlıq quruluşuna malikdir. Kvadrat planlı bu tikilinin sonrakı mərhələdə əsas kilsəyə birləşdirildiyi ehtimal olunur. Onun memarlığında qərb vestibülündən fərqli olaraq daha yığcam konstruktiv həll tətbiq edilib.
Kompleksin digər hissəsi olan sovmə isə kiçik ölçülü, ayrıca dini təyinatlı tikilidir. Birnefli zal tipli quruluşa malik olan bu tikili memarlıq xüsusiyyətlərinə görə əsas kilsədən fərqlənir. Divarları əsasən yonulmamış və yarımyonulmuş daşlardan hörülüb, inşaat zamanı yerli daş materiallarından və əhəng məhlulundan istifadə edilib. Sovmənin giriş qapısının üzərində də kitabə olub.
Alimin sözlərinə görə, Şahmurad məbəd kompleksi yalnız dini tikili deyil, həm də orta əsrlərdə bölgənin dini həyatı, maarifçilik ənənələri və icma münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətli tarixi məkandır. Qərbi Azərbaycanın tarixi-memarlıq irsinin mühüm nümunələrindən biri olan kompleks bu gün ciddi qorunma və mühafizə problemi ilə üz-üzədir. Abidənin hazırkı vəziyyəti onun gələcək nəsillərə çatdırılması məsələsini aktuallaşdırır. Bu abidənin taleyi yalnız qədim dini tikilinin fiziki mövcudluğu məsələsi deyil. O, eyni zamanda, bölgənin tarixi yaddaşının, memarlıq ənənələrinin, dini-mədəni münasibətlərinin və daş üzərində yaşadılan tarixin qorunması deməkdir.
O əlavə edib ki, Şahmurad monastırı Ermənistan mənbələrində erməni dini-memarlıq irsinin nümunəsi kimi təqdim olunur. Lakin abidənin hər hansı xalqın tarixi-mədəni irsi kimi tanıdılması onun qorunması məsuliyyətini də nəzərdə tutmalıdır. Tarixi abidəyə sahib çıxmaq yalnız onu müəyyən bir xalqın adına yazmaqla deyil, həm də fiziki mövcudluğunu qorumaq, dağılmasının qarşısını almaq və gələcək nəsillərə çatdırmaqla mümkündür.
Dərc vaxtına görə
