Qədim təqvim 2026-2027-ci ilin qışı ilə bağlı fərqli proqnoz verdi: Şaxta və qar az olacaq?


Qədim Macarıstan təqvimində yer alan xalq inanclarına görə, qarşıdan gələn 2026-2027-ci illərin qışı soyuq və quraq keçə bilər. Lakin müasir meteoroloqların proqnozu bunun əksini göstərir: qışın daha mülayim və yağıntılı olacağı ehtimal edilir.
HİT.az xəbər verir ki, bu barədə Macarıstanın “Agrofórum” nəşri yazıb.
Söhbət ilk dəfə 1851-ci ildə nəşr olunan və İkinci Dünya müharibəsinin sonunadək populyarlığını qoruyan “Yüzillik xəbərçi” adlı qədim təqvimdən gedir. Topluda hər il üçün müxtəlif hava əlamətləri və xalq müşahidələri yer alıb. Təqvimin tərtibçiləri proqnozları planetlərlə əlaqələndirən yanaşmanı alman sistersian rahibi Mauritsius Knauerin hazırladığı “Yüzillik təqvim”dən götürüblər.
Həmin mənbəyə əsasən, 2027-ci il martın 20-dək davam edəcək Merkuri ili quru və soyuq qış vəd edir. Naptárak.com portalının araşdırmasına görə, keçmiş müşahidələrdə quraqlıqla bağlı proqnozlar 52 faiz, soyuq hava ilə bağlı ehtimallar isə 71 faiz hallarda özünü doğruldub. Sonuncu dəfə Merkuri ili 2019-2020-ci illərdə yaşanıb. Həmin qışda qar əsasən mart ayında yağıb.
Bununla belə, mütəxəssislər qədim xalq inanclarının əksəriyyətinin elmi baxımdan etibarlı olmadığını bildirirlər. Belə ki, köhnə hava əlamətlərinin təxminən 90 faizi təsadüfi nəticələrlə eyni səviyyədədir. Buna görə də qarşıdakı qışın quraq və şaxtalı keçəcəyi ehtimalına ehtiyatla yanaşılır.
Xalq inancları qışla bağlı nə deyir?
Qədim müşahidələrdə noyabr və dekabr aylarının bəzi tarixləri də qışın xarakterini müəyyənləşdirmək üçün əsas götürülüb:
- 15 noyabr – Müqəddəs Albert günü: Bu tarixdə şaxta olarsa, soyuqların uzun müddət davam edəcəyinə inanılırdı. Bu il həmin gün şaxta müşahidə edilməyib. - 19 noyabr – Müqəddəs Yelizaveta günü: Həmin gün qar yağması qışın mülayim keçəcəyinə işarə sayılırdı. - 25 noyabr – Müqəddəs Yekaterina günü: Bu tarixdə şaxta olarsa, Milad bayramında havanın isinərək ərimə və palçığa səbəb olacağı düşünülürdü. - 13 dekabr – Müqəddəs Lusiya günü: Bu tarixdən Milad bayramınadək olan 12 gün ərzindəki hava şəraitinə əsasən növbəti ilin 12 ayının necə keçəcəyini müəyyənləşdirməyə çalışırdılar.
Müasir meteoroloqların proqnozu fərqlidir
Müasir hava proqnozlarında isə qarşıdakı aylarda güclü “Super El-Ninyo” hadisəsinin təsirlərinə diqqət çəkilir. Bu təbii iqlim hadisəsinin noyabr-fevral aylarında pik həddə çatacağı gözlənilir.
Böyük Britaniyanın Met Office meteorologiya xidmətinin proqnozuna görə, bu qış Böyük Britaniya və Avropanın şimal-qərbində daha intensiv yağışlar və fırtınalar müşahidə oluna bilər. Hindistan, Mərkəzi Amerika və Afrikanın cənubunda isə əksinə, quraqlıq riski arta bilər.
Beləliklə, qədim təqvimin şaxtalı və quraq qış proqnozu ilə müasir meteoroloji gözləntilər arasında ciddi fərq var. Qeyd edək ki, xalq inancları elmi hava proqnozlarını əvəz etmir.
Samir
1 mənbə
