Qax Rayon İcra Hakimiyyətində ISO standartları ilə bağlı təlim keçirilib


Qax Rayon İcra Hakimiyyətində müasir idarəetmə prinsiplərinin tətbiqi, iş proseslərinin təkmilləşdirilməsi və fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ISO standartları ilə bağlı maarifləndirici təlim keçirilib.
Təlimdə ISO standartlarının mahiyyəti, dövlət idarəçiliyində tətbiq imkanları, idarəetmədə keyfiyyətin təmin olunması, iş proseslərinin sistemləşdirilməsi, risklərin müəyyənləşdirilməsi və idarə edilməsi, sənədləşmə və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulub.
Bildirilib ki, ISO standartlarının tətbiqi idarəetmədə şəffaflığın, məsuliyyətin və səmərəliliyin artırılmasına, fəaliyyətin konkret meyarlar əsasında qiymətləndirilməsinə, mövcud iş proseslərində nöqsanların vaxtında müəyyən edilərək aradan qaldırılmasına geniş imkanlar yaradır.
Xüsusilə vurğulanıb ki, müasir dövrdə dövlət qurumlarının fəaliyyəti yalnız qarşıya qoyulan vəzifələrin icrası ilə deyil, həm də xidmətlərin keyfiyyəti, idarəetmənin çevikliyi, vətəndaş məmnunluğu və əldə olunan nəticələrin davamlılığı ilə qiymətləndirilir.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ISO standartlarının gündəlik idarəetmə fəaliyyətində tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Qax Rayon İcra Hakimiyyətində idarəetmə mədəniyyətinin müasirləşdirilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübəyə əsaslanan səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
1 mənbə
