Qara çayın bu faydaları var imiş...


Çay sevənlər üçün maraqlı elmi nəticə açıqlanıb. Çin alimlərinin apardığı genişmiqyaslı araşdırma müntəzəm çay istehlakının ürək-damar sistemi xəstəliklərinin daha aşağı riski ilə əlaqəli olduğunu ortaya qoyub.
Xitab24.az xəbər verir ki, “Journal of Internal Medicine” elmi jurnalında dərc olunan tədqiqatda Çində yaşayan 485 934 nəfərin sağlamlıq göstəriciləri təhlil edilib.
İştirakçılar orta hesabla 9 il ərzində müşahidə olunub. Bu müddətdə 14 863 nəfərdə müxtəlif damar xəstəlikləri qeydə alınıb.
Araşdırmanın nəticələrinə görə, müntəzəm çay içən insanlarda ürək-damar və digər damar xəstəliklərinin ümumi riski çay içməyənlərlə müqayisədə təxminən 11 faiz aşağı olub.
Alimlər müəyyən ediblər ki, həftəlik çay istehlak edənlər arasında ən aşağı risk göstəricisi gündə təxminən 6–8 fincan çay içənlərdə müşahidə olunub.
Tədqiqatda çayın növü və hazırlanma qaydasının da əhəmiyyət daşıdığı üzə çıxıb. Belə ki, qara çay ürək-damar sağlamlığı ilə bağlı daha ardıcıl müsbət əlaqə göstərib. Orta dəmlənmiş çay da daha aşağı risklə əlaqələndirilib.
Lakin araşdırmanın diqqətçəkən nəticələrindən biri çayın temperaturu ilə bağlı olub. Həddindən artıq qaynar çay içənlərdə damar xəstəlikləri riskinin daha yüksək olduğu müşahidə edilib.
Tədqiqatçılar həmçinin çay istehlakını siqaret çəkməmək və fiziki aktivliklə birləşdirən insanlarda risk göstəricilərinin daha aşağı olduğunu müəyyənləşdiriblər.