Azərbaycan turistləri bu ölkələrdən cəlb edə bilər – Yeni bazarlar AÇIQLANDI


CƏMİYYƏT SON DƏQİQƏ
19 noyabr 2026 13:59 8 baxış
Azərbaycana gələn turistlərin əsas hissəsini uzun illər Körfəz ölkələri, Pakistan və Hindistandan olan ziyarətçilər təşkil edib. Son illərdə Rusiya və Türkiyədən gələn turistlərin də sayı artıb. Lakin qlobal münaqişələr, hava nəqliyyatında yaranan çətinliklər və digər amillər ölkəyə turist axınına mənfi təsir göstərib. Bu vəziyyət Azərbaycanın ənənəvi turizm bazarlarından asılılığını azaltmasını və yeni ölkələrdən turist cəlb etməsini aktuallaşdırıb.
Bəs Azərbaycan hansı ölkələrin turizm bazarına üz tutmalıdır və xarici turistlərin cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı turizm mütəxəssisi Rahib İsmayılov Ekologiya.az-a bildirib ki, Azərbaycanın turizm bazarında uzun illər əsas paya sahib olan turistlər Körfəz ölkələri, Pakistan və Hindistandan gəlib.
"Son illərdə bu siyahıya Rusiya və Türkiyəni də əlavə etmək olar. Lakin son dövrlərdə qlobal münaqişələr və hava şəraiti kimi amillərlə əlaqədar turist sayında əvvəlki illərlə müqayisədə ciddi azalmalar müşahidə olunur. Bu səbəbdən Azərbaycanın yeni turist bazarlarına çıxması və fərqli ölkələrdən ziyarətçilər cəlb etməsi vacibdir.
Bunun üçün ilk növbədə beynəlxalq turizm sərgilərində iştirak genişləndirilməlidir. Həm dövlət qurumları, həm də yerli turizm şirkətləri bu sərgilərdə fəal iştirak etməli, dövlət tərəfindən onlara lazımi dəstək göstərilməlidir. Bu istiqamətdə atılacaq addımlar ölkəyə turist axınının artırılmasına töhfə verə bilər”.
O qeyd edib ki, ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da araşdırılması vacibdir:
“Xüsusilə Avropa ölkələri bu baxımdan prioritet istiqamətlərdən biri ola bilər. Avropalı turistlərin Azərbaycana cəlb edilməsi üçün həmin ölkələrdə təşkil olunan beynəlxalq turizm sərgilərində iştirak etmək mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, turizm baxımından hələ tam mənimsənilməmiş, lakin yüksək potensiala malik bazarlarla əməkdaşlığın genişləndirilməsi mümkündür. Xüsusilə Çin və Cənub-Şərqi Asiya ölkələri bu istiqamətdə diqqətə alınmalıdır. Həmin bazarlara çıxış üçün yerli şirkətlər vasitəsilə tanıtım işləri aparılmalı, dövlət qurumları və turizm agentlikləri səviyyəsində bu ölkələrin müvafiq turizm təşkilatları ilə əməkdaşlıq qurulmalıdır”.
Aysel
1 mənbə
