Bakı bulvarı dənizsiz qala bilər? - Xəzərin taleyi ilə bağlı PROQNOZ


Xəzər dənizinin səviyyəsinin sürətlə düşməsi və Abşeron yarımadasında dəniz xəttinin geriləməsi müşahidə olunur. Bu məlumat son araşdırmalarda yer alıb. Bu isə o deməkdir ki, Xəzər dənizində ekoloji vəziyyət kritik həddə çatıb.
Məlumata görə, dəniz səviyyəsi artıq kritik 29 metr həddindən də aşağı düşüb. Bu, son 48 ilin ən aşağı göstəricisi olmaqla yanaşı, yaxın gələcəkdə dəniz suyunun Bakı bulvarından 30 kilometrədək geri çəkilməsi təhlükəsini gündəmə gətirib. Artıq Abşeron yarımadasında, Neftçalada, Lənkəranda çəkilmə gözlə görünür.
Xəzər dənizinin səviyyəsinin sürətlə düşməsinin səbəbi nədir? Bu geri çəkilmə hansı fəsadlara yol açır? Xəzəri xilas etmək üçün hansı addımlar atıla bilər?
Bakıvaxtı.az-ın suallarını cavablandıran Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, ekoloq Ənvər Əliyev bildirib ki, 48 il əvvəl də oxşar vəziyyət yaranmışdı:
"O vaxt SSRİ adında bir dövlət var idi, Xəzər beş ölkənin ortaq dənizi idi və hamı ayağa qalxmışdı. Qərara gəldilər ki, Türkmənistan tərəfdəki Qaraboğazgölü bağlasınlar. Xəzərin su səviyyəsi yüksək olduğuna görə su axıb Qaraboğazgölə tökülür, orada isə güclü buxarlanma gedirdi. Bağlandıqdan sonra Xəzər öz köhnə adəti ilə yenidən qalxmağa başladı. Nəticədə beş ölkənin ərazisindəki infrastrukturlar suyun altında qaldı. İran prezidenti təcili şəkildə "oranı açın, batırıq" dedi. Başqa ölkələrə də ciddi ziyan dəydi. Mən özüm də Lənkəran dəmir yolunun vəziyyətini öz gözümlə görmüşəm. Ekspedisiyaya getmişdik, gördük ki, dəmir yolu havada qalıb, dənizin suyu onun altını yuyub aparıb".
Ə.Əliyev vurğulayıb ki, Xəzərdə hər 30, 40, 50 ildən bir enib-qalxma baş verir. Bu, Xəzər dənizinin yaşı qədər davam edən təbii prosesdir. Bu vəziyyət ən çox Xəzərə su toplayan 4 milyon kvadrat kilometrlik ərazinin xarakterindən, yağıntıların miqdarından və iqlim şəraitindən asılıdır.
Ənvər Əliyev: 3 ilə, 5 ilə, 10 ilə hər şey qaydasına düşəcək
Ə.Əliyev qeyd edib ki, hazırda quraqlıq dövrü yavaş-yavaş azalır, yağıntılar artmağa başlayıb. Dediyinə görə, bunu adicə Bakıda da gördük, ağla gəlməyən dərəcədə yağıntı yağdı:
"4 milyon kvadrat kilometrlik ərazidə Rusiyanın, Qazaxıstanın çayları, Volqanın özü Xəzəri qidalandırır. Xəzər gölməçə deyil, 371 min kvadrat kilometr ərazidir. Xəzərdə suyun səviyyəsi bir gecəyə qalxıb, bir gecəyə də enə bilməz. Stabilləşməsi üçün bir neçə il lazımdır. Bəlkə 3 ilə, 5 ilə, 10 ilə stabilləşəcək. Sonra yavaş-yavaş növbəti qalxma dövrü başlayacaq".
Müsahibimiz bildirib ki, Atlantik okeanından gələn Azor antisiklonu Aralıq dənizi, Fransa, İtaliya, İspaniya, İran və Qafqazda yağıntılı dövrlər yaradır. Hələlik gözləyək, səbirli olaq. Çünki bu, birinci dəfə deyil:
"Tarix boyu bu enib-qalxma bütün nəsillərin yaddaşındadır. Mənə elə gəlir ki, heç bir addım atmağa ehtiyac qalmayacaq. Yavaş-yavaş Xəzər özünün yaşı qədər davam edən səviyyə tərəddüdünün növbəti mərhələsinə qədəm qoyacaq. 3 ilə, 5 ilə, 10 ilə hər şey qaydasına düşəcək".
Gülşən Şərif
1 mənbə