Qapalı otaqlarda gizli təhlükə: Durğun hava sağlamlığa necə təsir edir?


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 14:02 648 baxış
İlin müxtəlif fəsillərində mənzillərin havalandırılması məsələsi fərqli yanaşma tələb edir. Xüsusilə qış aylarında soyuq hava səbəbindən bir çox insan pəncərələri açmaqdan çəkinir və otaqlar uzun müddət havasız qalır. Halbuki qapalı məkanlarda havanın keyfiyyətinin aşağı düşməsi insan sağlamlığına, yuxu rejiminə və ümumi rahatlığına mənfi təsir göstərə bilər.
Bəs mənzillər gün ərzində neçə dəfə havalandırılmalıdır? Qış aylarında otaqların havasını dəyişmək nə dərəcədə vacibdir? Uşaqların olduğu məkanlarda havalandırmaya niyə xüsusi diqqət yetirilməlidir?
Məsələ ilə bağlı Ekologiya.az-a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib:
"Mənzillərdə havalandırma prosesi fəsillərə uyğun olaraq fərqli şəkildə həyata keçirilir. Yay aylarında havalar isti olduğundan otaqların havasının daha tez-tez dəyişdirilməsi tövsiyə olunur. Çünki qapalı məkanlarda havanın uzun müddət durğun qalması onun keyfiyyətinin pisləşməsinə, müxtəlif mikroorqanizmlərin və çirkləndirici maddələrin toplanmasına səbəb ola bilər. Belə havanın tənəffüs edilməsi isə yuxarı tənəffüs yollarında müxtəlif sağlamlıq problemlərinin yaranmasına şərait yarada bilər".
Onun sözlərinə görə, qış aylarında da otaqların gündə bir neçə dəfə havalandırılması təmiz hava və sağlam mühit üçün vacibdir:
"Qış aylarında da havalandırma mütləq aparılmalıdır. Hətta soyuq havalarda belə otaqların havası səhər, günorta və axşam saatlarında dəyişdirilməlidir. Səhər havalandırma zamanı gecə ərzində otaqda toplanmış durğun hava təmiz hava ilə əvəz olunmalıdır. Günorta saatlarında da otağın havasının yenilənməsi, axşam və yatmazdan əvvəl isə daha təmiz hava ilə təmin olunması vacibdir. Bu, həm yuxunun keyfiyyətinə, həm də ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir".
Ekspert qeyd edib ki, havalandırma sistemlərinin düzgün və mütəmadi işləməsi qapalı məkanlarda sağlam hava mühitinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır:
"Bəzi binalarda, xüsusilə yeni tikililərdə otaqlar üçün xüsusi havalandırma sistemləri quraşdırılır. Lakin bu sistemlər mütəmadi işləmədikdə qapalı məkanlarda havanın keyfiyyəti pisləşə, xoşagəlməz qoxular yarana və müxtəlif mikroorqanizmlərin toplanması üçün əlverişli şərait formalaşa bilər. Nəticədə həmin mühitdə uzun müddət qalmaq və nəfəs almaq insan sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də otaqların havasının mütəmadi dəyişdirilməsi vacibdir".
"Uşaqların olduğu otaqlarda isə havalandırmaya daha çox diqqət yetirilməlidir. Çünki uşaqların orqanizmi və sinir sistemi ətraf mühitdəki dəyişikliklərə daha həssasdır. Qapalı məkanda havanın keyfiyyətinin aşağı düşməsi onların narahatlığına səbəb ola bilər. Uşaqların təmiz havaya çıxarıldıqdan sonra sakitləşməsi də bununla əlaqələndirilə bilər. Bu səbəbdən uşaqların qaldığı otaqların havası mütəmadi olaraq dəyişdirilməli, onların təmiz hava ilə təmin olunmasına diqqət yetirilməlidir",-deyə mütəxəssis sonda əlavə edib.
Zümrüd Abidqızı
1 mənbə
