Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır


Həkim qəbulunda olarkən bizə təyin edilən dərmanlar bəzən elektron reseptə deyil, tövsiyə vərəqələrinə və ya adi ağ kağızlara yazılır.
Pasiyentlərin şikayət etdiyi digər məqam isə həkimlərin firma dərmanları təyin etməsi ilə bağlıdır. Nəzarətin gücləndirildiyi bildirilsə də, sakinlərin narazılığı davam edir.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qanunvericiliyə əsasən, reseptdə dərman vasitəsinin təsiredici maddəsinin adı, istifadə qaydası göstərilməlidir:
“Dərman vasitələrinin elektron resept əvəzinə tövsiyə vərəqələrinə və ya adi ağ kağızlara yazılması hüquqi məsuliyyət yaradır. Bu cür hallar resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı kimi qiymətləndirilir.
Dərman vasitələri haqqında qanuna əsasən, təyin edilmiş dərman vasitəsinin təsiredici maddəsinin adı göstərilmədikdə, üç və daha artıq tərkibli dərman vasitələri, eləcə də bioloji oxşar vasitələr qrupuna aid preparatlar olduqda reseptdə latın əlifbası ilə əmtəə nişanının adı yazılır”.
